Bir dəfə belə bir status paylaşmışdım: "Biz Qarabağı qaytarmaqla, Azərbaycanı Azərbaycana qaytardıq.”
Hamıya bəlli idi ki, Ermənistan Rusiyasız nə Qarabağı işğal edə bilərdi, nə də otuz il boyu onu işğalda saxlaya bilərdi. Arxasında Moskva vardı. Silah, siyasi dəstək, informasiya manipulyasiyası bir mərkəzdən gəlirdi.
İndi isə o eyni Moskva, Paşinyanın etiraf etdiyi kimi, Qarabağın Ermənistana bəla gətirdiyini qəbul edir. Reallıq dəyişib. Və bəli, söhbət Rusiyadan gedir. Hansı ki, Trampın təbirincə desək, artıq əsas kartlarını itirir.
Rusiyada baş verənlər, azərbaycanlılara qarşı vəhşilik, qanunsuz həbslər, küçədə qətllər sadəcə cinayət deyil. Bu, çökən imperiyanın refleksidir. Ukraynada uduzdu, Cənubi Qafqazdan sıxışdırıldı, indi əsəbini günahsızlardan çıxır.
Bu nə siyasi təzyiqdir, nə hüquqi addım. Bu, dağılmaqda olan rejimin çırpınışıdır.
Rusiya artıq Ukraynanı itirdi. Ermənistanı da. Azərbaycanı isə xalqın şüurundan silinərək birdəfəlik itirdi. Qaldı Belarus. Amma o da sadəcə Lukaşenko.
Bir vaxtlar imperiyanın qüruru olan ölkə indi günahsız gəncləri döyüb öldürməklə mövcudluğunu qorumağa çalışır. Qorxur.
Amerikada proseslər gedir. Tramp gəldi, müharibələri başladı və dayandırdı. Qayıdışı dünyada balansı dəyişdi. Dünya artıq bloklar yox, milli suverenliklər dövrünə keçib. Və bu dövrdə Rusiyanın havadarlığına ehtiyac qalmayıb.
Biz azərbaycanlılar nə Kremlin rəhminə, nə rus polisinin ədalətinə möhtac deyilik. Öz dövlətimiz, Qarabağımız, Prezidentimiz və qürurumuz var.
Rusiyada vəhşiliyə məruz qalan soydaşlarımızı unutmuruq. Bu ağrı bizimdir. Bu ağrını biz vurulmuş təyyarədə də, Xocalıda da, 20 Yanvarda da yaşamışıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Emin Əfəndi