'Biz özümüzünkülərin qədrini bilmirik' - MÜSAHİBƏ - FOTOLAR

MƏDƏNİYYƏT
18:00 28.12.2012
2202
Bugünkü müsahibəmiz Azərbaycan ictimaiyyətinə o qədər də tanış insan deyil. Əslində, 20 yaşlı bir qızın tanınmaması normaldır. Ancaq bu gün daha da yaxından tanıyacağınız Nisə Şahin bu yaşında Türkiyədə tanınır. Onun əsərləri qardaş ölkənin ən nüfuzlu kitab mağazalarında, sərgilərdə nümayiş olunur. Beləliklə, bu gün “GÜNün adamı” azərbaycanlı gənc yazar Nisə Şahindir.- Nisə Şahin – bu ad Azərbaycan ictimaiyyətinə o qədər da tanış deyil. İlk olaraq özün haqda oxucularımıza məlumat verərdin. Nisə Şahin kimdir? - Nisə Şahin 20 yaşlı bir gəncdir. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır və təəccüblü olanı odur ki, yazıçılıqla məşğuldur. Kitabları həm Azərbaycanda, həmdə Türkiyədə nəşr olunur.- 20 yaşlı bir qızın yazıçılıqla məşğul olması özünə deyəsən çox təəccüblü gəldi... - Yox, məsələ yaşımın 20 olmasında deyil, oxuduğum universitet və ixtisasa görə çox insan təəccüblənir. İqtisadiyyat və yazıçı, deyə soruşanlar az deyil.- Onda mən də sual verim. İqtisadçı və yazıçı... Bir-birinə yaxından-uzaqdan əlaqəsi olmayan iki sahəni özündə necə birləşdirdin? - (Gülür) Yazıçılıq daha öncədən var idi, 12 yaşımdan yazıram. İqtisad sonradan qatıldı, çünki uşaqlıqdan beynəlxalq əlaqələrə də marağım böyük olub. Yəni, uşaqlıqdan marağım olan iki sahəni özümdə birləşdirdim və buna görə özümü xoşbəxt hiss edirəm. Hər iki sahə mənə çox doğmadır. Və hal-hazırda ikisinin də öhdəsindən gəlməyə çalışıram.- Nisə Şahin nədən yazır? Nə yazır? Bu haqda məlumat verərdin oxucularımıza… - Mən həyatı insanlara fərqli tanıtmaq və cəmiyyətə faydalı olmaq üçün yazıram. Kitab oxuyan insanlar həyatlarından ayrılıb yeni bir yaşama, həyata qatılırlar. İnsanlar bir əsərlə bütün həyatlarını dəyişə bilirlər. Onlar əsərlərimizdən yararlanır və bunu həyatda tətbiq edirlər. Mən də çalışıram ki, topluma yararlı şeylər yazım. Və mən cəmiyyətə faydalı olacağıma inanıram.- Əsərlərin haqda məlumat verərdin? İndiyə qədər hansı əsərlərin işıq üzü görüb və oradan söhbət nədən gedir? - Mənim bu günə qədər 3 kitabım işıq üzü görüb. 2007-ci ildə Bakıda rusca “Взгляды на взрослую жизнь” kitabım nəşr olundu. Hekayələr toplusu idi. Bu il isə iki romanım İstanbulda nəşr olunub. “Hayat Kurtaran Kelime” qan xərçəngindən əziyyət çəkən uşaq haqqındadır. Kitabda həmin uşağın həyata baxışı, düşüncələri yer alır. Bu kitabın gəlirləri xərçənglə mübarizə aparan uşaqlara dəstək fonduna gedir. Yəni hər kitab əslində ümiddir və bir insanı həyata qaytara bilər. Noyabr ayında işıq üzü görən “Alev” romanı isə qadınlara qarşı şiddət mövzusundadır. Bu çox aktual bir məsələdir. Qadınlar dünyanın hər yerində şiddətə məruz qalırlar və bu əsərimdə həmin məsələyə toxunmuşam.- Qeyd etdin ki, iki romanın İstanbulda nəşr edilib. Bu gün Azərbaycanın ən tanınmış yazarları belə Türkiyəyə çıxa bilmir. Necə oldu ki, bu xoşbəxtlik sənə nəsib oldu? - Əslində “Hayat Kurtaran Kelime”ni yazanda bu haqda heç kim bilmirdi. Ailəm və dostlarımın da bundan xəbəri yox idi. Əsəri yazdım və İstanbuldakı nəşriyyatlarla əlaqə saxladım, onlara yazılarımı yolladım və müsbət rəy alandan sonra artıq İstanbulda nəşr olunmasını dilədiyimi valideynlərimə söylədim. Şansıma həmişə inanmışam. Həm də bir insan bir şeyi səmimi qəlbdən istəyir və onun üçün çalışırsa bu mütləq həyata keçir. Mən buna səmimi qəlbdən inanıram.- Bildiyim qədərilə kitabların İstanbuldakı bütün kitab mağazalarında satışdadır. Qardaş ölkədə kitablarına maraq necədir? - Yaxşıdır. Düzdü indi kitaba qarşı maraq çox azdı, amma yenə də kitabımı oxuyanlardan ismarış almaq, gözəl sözlər duymaq mənə nəsib olub. Türkiyədə hələ yeni tanınmağa başlayıram. Kitabımı oxuyan gənclərlə əlaqəm var. Türkiyədən çoxlu xoş ismarışlar alıram və bu məni çox məmnun edir.- Bəs səncə Azərbaycanda niyə az tanınırsan? - Hazırda “Həyat Kurtaran Kelime”nin Azərbaycan dilinə tərcüməsini gözləyirəm. İnşAllah o zaman məni Bakıda romanımla tanıyarlar.- Azərbaycan yazarlarından kimi oxuyursan?- Ramiz Rövşənin şeirlərini cox bəyənirəm. Bundan başqa Çingiz Abdullayevin rus dilində yazdığı bütün əsərlərini oxuyuram və bəyənirəm.- Bəs gənc yazarlardan? - Gənc yazarları tanımıram, əfsuslar olsun ki…- Bunun səbəbi nədir səncə? - Məncə bunun səbəbi ədəbiyyatın indi donmuş olmasıdır. Əsərlər yazılsa da tanınmır, tanınsa da gənclər üçün maraqlı olmur. Və bu sadəcə Azərbaycanda belə deyil, Türkiyədə sərgidə də məndən insanların nəyə görə kitab oxumamağımla maraqlanırdılar. Ancaq dünyada elə əsərlər var ki, onu milyonlarla insan oxuyur. “Grinin əlli ton” əsəri buna misaldır.- Son vaxtlar Azərbaycanda yazarlar daha çox açıq-saçıq mövzulara müraciət edir, mentalitetimizi tənqid hətta təhqir etməkdən çəkinmir. Sən bu haqda nə düşünürsən? Səncə yazıçı həyatda olan hər şeyi çılpaqlığıyla əsərlərində göstərməlidir? - Bu gün dünyada ən çox oxunan əsərlər “18+” əsərlərdir. Bizdə də yazıçıların açıq-saçıq mövzuları qələmə almaları bəlkə də tələbata uyğun olmaq üçündür. Bu nə qədər düzgündür desəniz, mənim fikrimcə hər əsər bir ismarış verməlidir. Oxucu hər kitabdan nəsə öyrənməlidir.- Sən nə vaxtsa “18+” roman yazarsanmı? - Mənim yazacaq, zaman ayıracaq digər önəmli mövzularım var, cəmiyyətin ehtiyacı olan, insanlara gərəkli olan mövzular. Qoy “18+” əsərlər başqalarına qalsın və o əsərlərin ismarışını da digərləri versin. Dediyiniz kimi indiki zamanda elələri az deyil.- Sözündən belə çıxır ki, cəmiyyətin “18+” mövzulara ehtiyacı yoxdur. Amma yuxarıda qeyd etdin ki, dünyada ən çox satılan məhz “18+” mövzulardır. Bəs səncə bu necə olur? - Cəmiyyət sadəcə o kitablara maraq göstərən bir kütlə deyil ki. Yazıçı doğru zamanda doğru olanı yazmalıdır. Məncə indi yazacaq daha önəmli mövzular var.- Aydındır. Türkiyədə Orhan Pamukun yazdığı bütün əsərlər ictimai hadisəyə çevrilir, hər kəs o haqda danışır, o əsəri müzakirə edir. Səncə bizdə niyə belə yazar yoxdur?- Bəli, düzgün qeyd etdiniz. Türkiyədə Orhan Pamuklar, Elif Şafaklar var ki, əsərləri milyonlarla oxunur və onların hər kitabı bir xəzinə kimi qiymətləndirilir. Orhan Pamukun “Masumiyyet Muzesi” əsərinin muzeyi İstanbulda yaradılıb. Düşünürəm ki, bizim ədəbiyyat daha zəngin, daha dərin ola bilər. Amma əfsuslar olsun ki, biz özümüzünkülərin qədrini bilmirik, onlarla maraqlanmırıq, ehtiyac duymuruq.- Bunun bir səbəbi olmalıdır axı... - Bu mövzuda həm oxucuların səhvi var, həm də yazıçıların. Oxucuyla yazıçı ortaq məxrəcə gəlməyə bilər amma ədəbiyyatın inkişafında bir addımlamaq vacibdir. Bir əsəri hamı bəyənməyə bilər, qarşı çıxanlar da ola bilər və bu təbiidir. Əsas problem odur ki, biz ümumiyyətlə əsərləri oxumuruq ki, sonra ona qarşı çıxaq.- İqtisadçı yoxsa yazar? Bunlardan hansı sənə daha yaxındır? - Birmənalı şəkildə deyə bilərəm ki, yazarlıq…- Onda belə çıxır ki, pul qazanmaq haqda düşünmürsən... - Düşünürəm əlbəttə. Amma yazıçılıq pul qazanmağıma mane olmaz.- Yəni qəbul edirsən ki, yazıçılıqla pul qazanmaq çətin məsələdir… - Ədəbiyyatın indiki halından danışdıq, amma əlbəttə ki, maddi tərəfləri də var bu məsələnin.- Bəlkə də elə ədəbiyyata marağın olmamasının başlıca səbəbi puldur. Yəni yazarların pul qazana bilməməsi… - Ola bilər, amma insan həyatını pula görə qurmamalıdır.- Çox vaxt deyirlər ki, yazarlar həyatda qazana bilmədiklərini, əldə edə bilmədiklərini əsərlərində yazır. Sənin üçün ən böyük uğur nədir? Nə qazanmaq istərdin həyatda? - İstərdim ki, 10 ildən sonra artıq ən azı 5 roman sahibi, ölkəsində və xaricdə səsini duyurmuş yazıçı olaraq tanınım. Məncə ən böyük uğur dilədiklərini həyata keçirməkdir. Yəni bir zaman fikrində canlandırdıqlarının həyatında olması. Mən sadəcə istərdim ki, həyatda arzuladıqlarım gerçəkləşsin. Artığına ehtiyac yoxdur.- Düşünmürsən ki, cavabların 20 yaşlı qızın cavablarından daha böyük görünür. Mənəvi cəhətdən özünü neçə yaşında hiss edirsən? - Əslində, özümü çox da yaşlı hiss etmirəm. Mənəvi cəhətdən özümü maksimum 24-25 yaşlı qız kimi hiss edirəm.- Nisə, son olaraq nə demək istərdin oxucularımıza? - Oxucularınızın qarşıdan gələn bayramlarını təbrik etmək istərdim. Bir də insan inandıqlarına qadirdir. Daha yaxşı olacağımıza inanaraq irəliləməliyik. Əgər belə düşünsək hər şey yaxşı olacaq. Sizə də maraqlı suallara görə təşəkkür edirəm. İnanıram ki, oxucular darıxmadı.Hacıbəy HeydərliGun.Az

OXŞAR XƏBƏRLƏR