Bizi avam yerinə qoyanlar - KÖŞƏ

Bizi avam yerinə qoyanlar - KÖŞƏ
KÖŞƏ
00:46 05.03.2012
1995

Seymur Verdizadə

Fransadan 2 milyon dollara aldığımız at Pekin Olimpiadasında kəlləmayallaq olub bizi biabır eləyəndə, belə yazmışdım: "Azərbaycan neftinin xeyirini at, Araş, bir də ayağıəyri futbolçular görür".

Neft gəlirləri artdıqca bu siyahı genişlənməyə başladı. İndi otüstü xokkey komandamızda oynayan eybəcər qızlar, idmançıdan daha çox "KamAZ" sürücüsünə bənzəyən fərsiz məşqçilər də "qara qızıl"ın hesabına ağ günə çıxıblar. Amma neft gəlirlərindən hamıdan çox topçulara və popçulara pay düşür.

Berti Foqts tanınmış məşqçi olsa da, Azərbaycan futbolunun inkişafı üçün heç bir töhfə verməyib. O, uzun müddətdən bəri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi olsa da, milli komandamız meydanı çox vaxt başıaşağı tərk edir. Foqtsun sayəsində Azərbaycanın futbol azarkeşləri kollektiv şəkildə söyüş söymək bacarıqlarını xeyli inkişaf etdiriblər.Azarkeşlərin qanını it qanına döndərsə də, onun kefi həmişə kök olur. Neft gəlirlərindən sıravi azərbaycanlılara bir qara qəpik çatmasa da, bu adam Azərbaycanda nəvə-nəticəsinə çatacaq qədər pul qazanır. Foqtsun məvacibi o qədər yüksəkdir ki, neft pullarını şəxsi vəsaiti kimi sağa-sola xərcləyən Rövnəq Abdullayev belə, bu məbləği açıqlamağa cəsarət etmir.

Üç-dörd gün öncə bir idman saytı Foqtsun "gündəliyini" yayıb.Hətta bəzi qəzetlər həmin sayta istinad edərək, almaniyalı məşqçinin adından yazılmış mətnləri dərc ediblər.Əslində, ortada gündəlik-filan yoxdur.Sadəcə olaraq, gənc şair Qismət Azərbaycanın futbol ictimaiyyəti ilə zarafat etmək istəyib. Aprel ayının 1-nə çox qaldığı üçün bəzi həmkarlarımız "tələyə" düşməkdən xilas ola bilməyiblər. Məncə, burda hər hansı təcrübəsizlikdən söhbət gedə bilməz. Söhbət "gündəlik"də yer alan məqamların reallıqla üst-üstə düşməsindən gedir.

Foqtsun adından dərc olunan gündəliyin bir yerində müəllif yazır: "Artıq başa düşürəm: mən onlara yalnız bir şeyə görə lazımam - atribut kimi. Mən də bundan istifadə edirəm.Yaxşı pul alıram, hər şəraitim var. Əziyət çəkən məşqçi obrazı elə də çətin deyilmiş.Özümün yeni tərəflərini kəşf eləyirəm.Sən demə, aktyorluğum da varmış".

Şəxsən mənim bu sətirlərin gerçəkliyinə zərrə qədər də şübhəm yoxdur.Foqts boynuna almasa da, biz onun Azərbaycan xalqını avam yerinə qoyduğunu yaxşı bilirik. Çünki əlindən iki qəpiklik iş gəlməyən bir məşqçini Azərbaycandan başqa dünyanın heç bir ölkəsində bu qədər əzizləməzlər.

Müəllif daha sonra yazır: "Hansısa kitabda belə bir cümlə oxumuşdum: "İnsanın yaratdığı saxta pullar kimi pulun da yaratdığı saxta insanlar var". Bakıda bunu daha dəqiq anladım, amma narazı deyiləm".Yuxarıdakı fikrin hansısa kitabdan götürüldüyünü, yoxsa müəllifə aid olduğunu dəqiq bilmirəm.İstənilən halda belə maraqlı fikri tirajladığı üçün Qismətə təşəkkür düşür. Foqtsun saxta insanların əhatəsində özünü narahat hiss etməməsilə bağlı yazılanlar da həqiqəti əks etdirir. Əks təqdirdə, bircə ciddi uğura imza atmadığı halda üçüncü dəfə onunla müqavilə müddətini uzadan adamlardan üz çevirib, öz vətəninə dönərdi.

Qismət istedadlı yazardır.Futbol ictimaiyyəti ilə etdiyi bu zarafata görə onu qınamaq lazım deyil. Aşıq gördüyünü çağırar...

OXŞAR XƏBƏRLƏR