Fazil Mustafa
İstanbulda "Reyna" adlanan əyləncə məkanında terrorçular tərəfindən öldürülənlər arasında Nuranə adlı bir azərbaycanlı qızın olmasını eşidən kimi qeyri-ciddi və insanlığa uyğun gəlməyən yorumlarla münasibət bildirənlərə yetərincə haqlı məzəmmətlər yazıldığına görə bu mövzuya qayıtmaq istəməzdim.
Sadə məntiq budur ki, burada qətlə yetirilən hər kəs terrorun qurbanıdır və günahsız öldürülən insanlardır. Hər birinin yaxınlarına səbr diləməkdən başqa əlimizdən bir şey gəlməz. Bununla belə, hər bir məsələyə, prosesə, hadisəyə ciddilikdən uzaq, alayçı, lağlağı münasibət bildirən, yaxud da mənsub olduğu ideoloji, dini görüşlər bucağından hər şey dar çərçivədə təhlil edən bir cəmiyyət reallığımızı da gözardı etmək olmaz.
Son vaxtlar sosial gərginliyin, siyasi tıxanıqlığın yaratdığı aqressiv əhvalın artımını da buraya əlavə etsək, görərik ki, insanlarımızın əsas problemi sağlam və doğru mühakimənin olmamasıdır, hansısa təzahürü soyuqqanlı təhlil edə bilməməsidir. Metroda, avtobusda, mağazada, evdə aqressivliyin artması, günlük intiharların, boşanmaların, ailə münaqişələrinin, məişət və cinsi zorakılığın adiləşməsi ciddi siqnallardır və bunları sadəcə yoxsulluqla, imkansızlıqla əlaqələndirmək doğru deyil.
Bu gün sağlam mühakiməsi olmayan, lakin bolluca aqressiyası olan insanların onların aqressiyasını atəşləyən dərindən tanıdığım hansısa siyasi və ya sosial dələduzun dəstəkçisi sıralamasında yer tutmağa çalışdığını görəndə, anlayıram ki, yenidən sağlam və soyuqqanlı müzakirələrə bu cəmiyyəti qaytarmaq çətin olacaq.
Yaxud da 31 dekabr günü bəyəndiyim bir müğənnini dinləmək üçün bir neçə saatlığa ailəlikcə əyləşdiyim məkanda masaların arxasında oturan gənc-yaşlı fərq etmədən kişilərin siqaret tüstüsünü yanındakı qadınların üzünə necə püfləməsini, sadəcə içmək üçün deyil, vəhşicəsinə keflənmək üçün necə yarışa girdiklərini və sonda da bir neçə sərxoş gəncin şüursuz şəkildə söyüşərək dalaşdığını görəndə, bunu yalnız aqressiya ilə əlaqələndirmədim. Ola bilsin ki, bizlər öz masamızı qoruyuruq, öz çevrəmizi təmiz saxlamağa çalışırıq, ancaq bu, bir cəmiyyətdir, istər-istəməz dəli bir külək başqa masalardan, yerlərdən zibillikləri, pislikləri mütləq bizim də masamıza, həyətimizə gətirəcəkdir.
Bizdə qapalı yerdə siqaret çəkilməsinin qadağan olunmasına tütün mafiyası qətiyyətlə imkan vermir, ancaq hansısa tərbiyə görmüş insan üçün hər halda yanındakı siqaret çəkməyən insana görə bayıra çıxıb bu mənasız vərdişini gerçəkləşdirməyə nə mane olur?
Bəli, cəmiyyətdə yoxsullaşma səviyyəsi artıb, ancaq əvvəlki kimi azərbaycanlıların böyük əksəriyyəti məsuliyyətsizlikdən nəticə çıxarıbmı?
Bu qədər kreditə götürülən bahalı maşınların borcunu qaytara bilməyənlərin gileyini eşidəndə az qala çılədən çıxırsan. Kreditlə ev almağı anladım, insana mütləq normal sığınacaq lazım, nisbətən ucuz maşın da almaq olar, çünki insanın daşınma ehtiyacı var, ancaq qudurğanlıqdan gedib şöhrətə əlli minlik, yüz minlik maşın alanda, bu məsuliyyətsizliyin sonda bir nəticəsi olacağını düşünmək doğrudanmı çətin idi?
İşsizlik var, yoxsulluq var, siyasi azadlıqların məhdudlaşdırılması var, inhisarçılıq var, korrupsiya var, məhkəmə ədalətsizliyi var və nə yazıq ki, bunların da hamısından yuxarı səviyyədə Azərbaycan cəmiyyətində gələcəyə, özünə, çevrəsinə, dövlətinə qarşı məsuliyyət duyğusunun yoxluğu baş alıb gedir.
Ona görə də Yeni il gecəsində terrorun qurbanı olan gənc bir qıza qarşı acımasız münasibətin köklərini buralarda axtarmaq daha məqsədəuyğun olardı...