'Bizim verilişə daha çox tibb sahəsində çalışanlar qiymət verir və izləyirlər' - MÜSAHİBƏ
SAĞLAMLIQ
12:51 16.08.2012
2590
“Televiziyada heç tanışım yox idi”Cümə günü təsadüfən ANS telekanalında yayımlanan "Sağlam Nəsil" verilişini izlədim. Açığı, bu veriliş ilə heç tanış deyildim və gənc aparıcını da tanımırdım. Amma verilişin böyük həvəs və səylə hazırlanmasını adi tamaşaçı da hiss edə bilirdi. Elə bu baxımdan da, bir gənc aparıcının iş fəaliyyəti, uğurları ilə oxucuları tanış etmək istədim.- ANS kanalının gənc aparıcısı Zaur, xoş gördük sizi. Əvvəlcə oxucularımıza özünüz haqqında məlumat verərdiniz. Zaur Əliyev kimdir?- Mən Zaur Əliyev, 1987-ci ildənəm, Bakıda doğulmuşam, Odlar Yurdu universitetini bitirmişəm, Rusiyada da müəyyən vaxt ərzində təhsil almışam. Müxtəlif sahələrdə çalışsam da, sonda gələcəyimin yalnız televiziya sahəsi ilə bağlı olması qərarına gəldim və hazırda da çox sevdiyim işlə məşğulam. - Niyə məhz ilk telelayihən tibbi proqram “Sağlam Nəsil” oldu? Adətən belə tibb verilişlərini daha təcrübəli aparıcıların və ya həkimlərin təqdimatında görmüşük. Amma siz bir gənc olaraq ilk addımınızı məhz sağlamlıq verilişində atdınız. Bu nə ilə əlaqədardır?- Bəli, düz deyirsiniz. Sadəcə sağlamlığı qorumaq hər zaman mənim üçün aktual olub və bəlkə də bu həkim ailəsində doğulmağımla bağlıdır. Hazırda insanların çoxu səhhətlərinə qarşı biganədirlər, biganəlik də, təbii ki, məlumatsızlıqdan doğur. Elə biz də “Sağlam Nəsil” kollektivi olaraq insanları səhhətlərinə ciddi qayğı göstərməyə çağırırıq. Təsadüfi deyil ki, verilişimizin prinsipi sağlam olmaq və sağlamlığı qorumaqdır. - “Sağlam Nəsil”i necə yaratdınız?- Maraqlı sualdır. Desəm ki, bu veriliş iki nəfərin əməyi hesabına ortaya çıxdı, bəlkə də, inanmazsınız. Hazırda verilişin rejissoru olan Faiq Abasquliyev dostum idi, bizim televiziyada, ümumiyyətlə, jurnalistikada heç tanışımız və dayağımız yox idi. Bu baxımdan verilişin ilkin versiyasını ərsəyə gətirmək bizə xeyli əziyyətli oldu. Amma necə deyərlər, boran görməyən bülbül baharın qədrini bilməz. Əziyyət çəkdik və bəhrəsini də gördük. - Verilişin hazırkı vəziyyəti necədir?- Bilirsiniz ki, efirdə bir neçə tibbi proqram var. Onlar arasında gənc kollektivin hazırladığı “Sağlam Nəsil” verilişi kifayət qədər populyar və reytinqlidir. Sevindirici hal odur ki, bizim verilişə daha çox tibb sahəsində çalışanlar qiymət verir və izləyirlər. Hazırda 8 nəfərlik kollektivik və işimizi sevərək, böyük həvəslə icra edirik.- Tamaşaçılar yeni mövsümdə “Sağlam Nəsil” verilişində hansı dəyişiklikləri görə biləcəklər?- Yeni mövsümə yeni enerji ilə hazırlaşmışıq. Təzə rubrikalarımız, aktual mövzularımız, faydalı məlumatlarımızla tamaşaçıların görüşünə gələcəyik. Və hər şeydən öncə, verilişimizdə çox böyük dəyişiklik olacaq ki, bax bu hansı dəyişiklikdir? Tamaşaçılar sentyabr ayından etibarən bütün bu yeniliklərlə tanış olacaqlar. - Ümumiyyətlə, gələcək planlarınız nələrdən ibarət olacaq? Zaur Əliyev daha hansı layihələrdə görünəcək?- Bəli, bizim yeni-yeni layihələrimiz var. Çox yaxında populyar kanalların birində tamaşaçıları fərqli və orijinal layihəmizlə sevindirəcəyik. Düşünürəm ki, hazırlayacağımız mövzuda teleməkanda heç bir layihə olmadığı üçün bizim yeni layihəmiz çox seviləcək və tamaşaçıların marağına səbəb olacaq. - Sonda tamaşaçılarınıza nə deyə bilərsiniz?- Bizi izləməyə davam etsinlər, düzgün və sağlam həyat tərzi keçirsinlər. Ən əsası isə, sağlamlıqlarını qorumaq üçün hər cümə günü saat 17:00-da ANS kanalını izləsinlər. Sonda verilişimizin informasiya dəstəyi olan Azxeber.com portalına da təşəkkürümüzü bildiririk.Biz də öz növbəmizdə gənc aparıcıya uğurlar, işlərində və gələcək planlarında uğurlar arzu edirik. AynurAZXEBER.COM