BMT Ümumdünya Turizm Təşkilatı Ukraynaya hücumuna görə Rusiyanın üzvlüyünü dayandırıb.
AZXEBER.COM xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) Rusiyanın Ukraynaya başlatdığı müharibəyə görə üzvlüyünü dayandırdığını açıqlayıb. Səsvermədən əvvəl Rusiya UNWTO-dan çıxdığını elan edib.
Gürcüstan əsilli UNWTO-nun baş katibi Zurab Pololikaşvili səsvermədən sonra sosial şəbəkə hesabından açıqlama verib:
"UNWTO üzvləri səslərini eşitdirdilər və Rusiyanın UNWTO üzvlüyünü dayandırmağa qərar verdilər. Mesaj aydındır: Bu cür hərəkətlərin həmişə nəticələri olacaq”.
İspaniyanın turizm naziri Reyes Maroto bildirib ki, Rusiyanın bu hücumu Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərini və turizmin təmsil etdiyi sülh, firavanlıq və ümumbəşəri hörmət kimi dəyərləri sarsıdır.
İspaniyanın verdiyi açıqlamada Rusiyanın Ukrayna siyasətində dəyişiklik olacağı təqdirdə dayandırma qərarının ləğv oluna biləcəyi bildirilib. UNWTO-nun növbəti iclası 2023-cü ildə keçiriləcək.
Kremlin sözçüsü Dmitri Peskov UNWTO-nun qərarından sonra jurnalistlərə verdiyi açıqlamada, turizmin inkişafına texniki dəstək verən UNWTO-dan ayrılma qərarının Rusiyadakı turizm sektoruna təsir etməyəcəyini bildirib:
"Turizm sektoru, xüsusilə də daxili turizm inkişaf etməyə davam edəcək. Turizmin xarici aspektləri də açıqdır”.
Qeyd edək ki, BMT Baş Assambleyası aprelin 7-də Rusiyanın BMT İnsan Haqları Şurasına üzvlüyünü dayandırıb.
Ayşən