Xəbər verdiyimiz kimi, 2025-ci ildə Azərbaycanda iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə boşanma statistikası açıqlanıb. Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumata görə, ölkədə boşanmaların ən çox qeydə alındığı ərazi Bakı olub – paytaxtda ümumilikdə 6 307 boşanma baş verib. Bakı üzrə ən yüksək göstərici Xətai rayonunda (836), ən aşağı isə Pirallahı rayonunda (30) qeydə alınıb.
İqtisadi rayonlar arasında ən çox boşanma Qarabağ iqtisadi rayonu üzrə (1 590), ən az isə Dağlıq Şirvan iqtisadi rayonu üzrə (577) qeydə alınıb. Ən az boşanma isə Xankəndi şəhərində olub.
Sosioloq Naib Niftəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, boşanmaların əsas səbəbləri sosial problemlərlə bağlıdır:
"Boşanmaların əsas səbəbləri sosial-iqtisadi amillərlə bağlıdır. Digər tərəfdən isə informasiya axınının sürətlənməsi nəticəsində insanlar boşanma səbəbləri və bu problemlərin həlli yolları barədə daha çox məlumat əldə edirlər. Bu da boşanmanın artıq çətin və qeyri-adi bir hal kimi deyil, normal hal kimi qəbul olunmasına gətirib çıxarır. İnsanlar yeni texnologiyaların təsirini daha rahat şəkildə yaşamaq istəyir. Bəzən isə aliment alma imkanlarından maksimum faydalanmaq və bunu gəlir mənbəyinə çevirmək kimi hallar da müşahidə olunur.
Bütün bunlar həm sosial, həm də iqtisadi amillər əsasında formalaşır”.
Sosioloq qeyd edib ki, boşanmaların artmasına psixoloji səbəblər də daxildir:
"Boşanmaların artmasında psixoloji səbəblər də az rol oynamır. Artıq ailədə tərəflərdən heç biri ənənəvi rolları əvvəlki kimi qəbul etmək istəmir. Qadın və kişi rolları ilə bağlı stereotiplərin dəyişməsi, onların zəifləməsi və gender balansının pozulması da əsas amillər sırasındadır. Hazırda Azərbaycanda boşanma statistikası 40%-i keçib. Yəni hər 10 ailədən təxminən 4-ü boşanır, 1-2-si isə risk qrupuna daxildir. Bir müddət əvvəl bu rəqəmlərin 45–47%-ə yaxınlaşması ilə bağlı narahatlıq yaranmışdı. Hazırda isə müəyyən azalma müşahidə olunur. Bu, qismən sosial layihələrin və medianın maarifləndirici fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər”.
Şəhanə Ziyad












































