“Boşanmaya səbəb olan tərəfə nə aliment, nə də uşaq verilməlidir”

“Boşanmaya səbəb olan tərəfə nə aliment, nə də uşaq verilməlidir”
MEDIA
17:37 18.06.2026
1329
Son illərdə ailə institutunda müşahidə olunan dəyişikliklər getdikcə daha çox diqqət mərkəzinə çevrilir.

Gənclərin ailə qurmaq qərarını daha gec verməsi və boşanmaların sürətlə artması sosial müzakirələrin əsas mövzularından birinə çevrilib.

Əvvəllər uzunmüddətli və ayrılmaz bir bağ kimi qəbul edilən evliliklər bu gün müxtəlif səbəblərdən sınaq qarşısında qalır. Maddi çətinliklər, qarşılıqlı anlaşmazlıqlar, sosial dəyişikliklər və ailədaxili problemlər boşanmaların artmasına təsir edən amillər sırasında göstərilir.

Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda 11 min 422 nikah qeydə alınıb. Eyni müddətdə 6 min 443 boşanma rəsmiləşdirilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, boşanmaların bu qədər olması normal deyil:

"Boşanmaların bu qədər olması normal deyil. Burada həm süni xarakterli, həm də ümumi cəmiyyətin indiki durumuna uyğun olaraq baş verən boşanmalar da var. Ona görə də, bunun sosioloji tərəfi cəmiyyətdə xeyli müzakirə olunur. Sağlam və yaxşı ailə modelinin təbliğ olunmasını gücləndirməliyik. İnsanlar bilməlidir ki, ailə qurmaq və dağıtmaq belə asan olmamalıdır. Bu istiqamətdə hər halda çox ciddi müzakirələr aparılmalıdır. Hansısa şəkildə boşanmaların belə çoxalmasına imkan yaranmasına qarşı çıxmalıyıq”.


Parlamentari qeyd edib ki, boşanmalara əsas səbəb sosial problemlər deyil:

"Bir ailənin davam etdirilməsi, ailənin hansısa formada davamlılığının qorunması ciddi qəbul olunmur. Bu da böyük problemlərə gətirib çıxarır. Sosial problemlər burada çox da əsas rol oynamır. Çünki bir-birinə hörmət göstərən, sevən insanlar bir adada, ən çətin, kimsəsiz bir mühitdə belə bir-birinə dəstək verərək yaşamağı bacarırlar. Boşanmaların səbəblərinə daha çox mental uyuşmazlıq məsələsi kimi baxılmalıdır. Sağlam ailənin təbliğ olunmasını insanlara düzgün şəkildə başa salmalıyıq”.

Sosioloq Elçin Bayramlı AZXEBER.COM-a bildirib ki, boşanmaların artması son 10 ildə daha da sürətlənib:

"Boşanmaların artması son 10 ildə daha da sürətlənib. Artıq bu göstərici 50 faizə çatıb. Bu, rekord göstəricilərdən biridir. Bu o deməkdir ki, biz ünyada ən böyük dəyərimiz, fəxr etdiyimiz ailə sistemimizi tamamilə itiririk.  Belə olan halda genefondumuz dağılır, ailə sistemimiz dağılır, ortalıq yetim uşaqlarla dolur və uşaqların gələcəyi psixoloji travma alır. Onlar sevgisiz, qayğısız bir mühitdə, yarımçıq ailədə böyüyürlər. Boşanmaların əsas səbəbləri mənəvi deqradasiya, sosial-iqtisadi məsələlərdir. Problemin 90 faizi mənəvi deqradasiya ilə bağlıdır.


Yəni insanların milli-mənəvi dəyərlərdən uzaqlaşması, müasir həyat tərzinə, müasir psixologiyaya yönəlməsi – eqoist, yalnız özünü düşünən, maddiyyata üstünlük verən yanaşmadır. İnsanlar həyat yoldaşı seçəndə maddi tələblərə daha çox diqqət yetirir, mənəvi tərəf isə tamamilə arxa plana keçir. Maddi prinsiplər üzərində qurulan ailə dağılmağa məhkumdur. Yalnız mənəvi dəyərlər üzərində qurulan ailə sağlam olur və dağılmır”.

Sosioloq qeyd edib ki, boşanmalara əsas səbəb maddi çətinliklər deyil:

"Biz mənəvi dəyərlərimizi, min illər ərzində formalaşmış ailə modelimizi kənara atırıq, müasirlik adı altında başqa həyat tərzinə yönəlirik, bu proses davam edəcək. Sosial-maddi səbəblərin boşanmalara əsas amil olması tamamilə yanlışdır. Çünki dünyadakı boşanma statistikasına baxanda aydın görünür ki, ilk 20 ölkənin demək olar ki, hamısı inkişaf etmiş, zəngin ölkələrdir. Amma boşanmaların ən az olduğu ölkələr daha çox yoxsul ölkələrdir. Bu konkret faktdır və göstərir ki, maddi səbəblərin, yoxsulluğun burada həlledici rolu yoxdur. İkinci səbəb isə Azərbaycanın öz tarixinə baxanda görünür. Ən ağır sosial vəziyyətlərdə olduğumuz dövrlərdə boşanmalar minimum səviyyədə olub. Maddi-sosial vəziyyət yaxşılaşdıqca isə boşanmalar artıb. Əsas məsələ mənəvi dəyərlərin zəifləməsidir. Burada ailə üzvlərindən birinin mərhəmətsiz olması, alkoqolizm, qumara qurşanmaq, əxlaqsız əməllər, xəyanət kimi hallar da mənəvi səbəblərə daxildir”.

O vurğulayıb ki, milli-mənəvi dəyərlərimizi qorumalıyıq:

"Biz milli-mənəvi dəyərlərimizi məhv edib kənara atırıq, özümüzü başqa ölkələrin həyat tərzinə uyğunlaşdırmağa çalışırıq, həyatımızı maddiyyat, əyləncə və həzz üzərində qururuq. Belə olan halda boşanmalar daha da artacaq.
Ona görə də özümüzə gəlməliyik, milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Azərbaycan ailə dəyərləri dünyada ən möhkəm dəyərlərdən biri olub və bunu qoruyaraq gələcək nəsillərə ötürməliyik. Bu gün isə bunu kifayət qədər bacarmırıq.
Həm valideynlər, həm də gənclər evlilik zamanı daha çox maddi məsələlərə üstünlük verirlər. Qarşı tərəfin ailəsi, vəzifəsi, imkanı, pulu, evi, əşyaları əsas meyarlara çevrilir. Oğlan tərəfi isə çox vaxt qızın xarici görünüşünə, gözəlliyinə daha çox önəm verir. Mənəvi dəyərlərə isə lazımi qədər əhəmiyyət verilmir. Bunun nəticəsi də belə olur. Öz mənəvi dəyərlərimizi qorumaqla bu problemin qarşısını almaq mümkündür. Dövlət tərəfindən də müəyyən tədbirlər görülməlidir. Məsələn, boşanma prosesinin sadələşdirilməsi əvəzinə müəyyən hallarda çətinləşdirilməsi müzakirə oluna bilər. Alimentlərlə bağlı narazılıqlar var. Boşanmaya səbəb olan tərəf məsuliyyət daşımalıdır. Həmin şəxsə nə aliment, nə də uşaq verilməlidir. 
Eyni zamand əmlakdan məhrum olunmalıdır.  Belə məsələlər tənzimlənməlidir ki, insanlar ailəyə yalnız maddi qazanc, karyera və rahatlıq kimi baxmasınlar. Əks halda biz ailə sistemimizi tamamilə itirə bilərik və çox təhlükəli bir vəziyyət yaranar”.

Şahanə Ziyad 

Yazı Medianın İnkişafı Agentliyinin "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc edilib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb