Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən 10-cu Formula 1 Azərbaycan Qran-Prisinin qonağı olub.
AZXEBER.COM Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, səfər çərçivəsində səfir BŞH-nin yenilənmiş paddoku ilə tanış olub, həmçinin Media Mərkəzini ziyarət edib. Burada ona media nümayəndələrinin fəaliyyəti üçün yaradılan şərait barədə məlumat verilib. Səfir akkreditasiya mərkəzi, jurnalist və fotoqrafların iş otaqları, eləcə də mətbuat konfransı zalı ilə tanış olub.
Qeyd olunub ki, Qran-Pri günlərində Media Mərkəzində 300-ə yaxın yerli və xarici media nümayəndəsi fəaliyyət göstərir.
Dunkan Norman, həmçinin yerli media nümayəndələri ilə görüşərək Azərbaycan Qran-Prisi ilə bağlı təəssüratlarını bölüşüb. Səfirin sözlərinə görə, Bakıdakı yarışın əsas xüsusiyyətlərindən biri azarkeşlərə Formula 1 mübarizəsini izləməklə yanaşı, şəhərlə və onun görməli yerləri ilə yaxından tanış olmaq imkanı yaratmasıdır.
"Bu mövsüm Formula 1-də beş britaniyalı pilot yarışır və onlardan ikisi dünya çempionudur. Onların hər birinə uğurlar arzulayıram və britaniyalı pilotlardan birinin Bakıda qalib gəlməsinə çox şad olaram”, – deyə Dunkan Norman bildirib.
Qeyd edək ki, Böyük Britaniya Formula 1 tarixində xüsusi yer tutur. 1950-ci ildə dünya çempionatının ilk yarışı məhz Böyük Britaniyanın Silverstoun trasında keçirilib. Bu gün də ölkə Formula 1-in əsas mərkəzlərindən biri olaraq qalır.











































