Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin dünya birliyindəki reytinqini getdikcə yüksəldir. Qürurverici haldır ki, hazırda respublikamızın adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Ermənistan üzərində qələbənin rəsmən elan olunması və 30 illik işğala son qoyulması ölkəmizin dünya birliyindəki reytinqini daha da artırdı. Ona görə ki, 30 il ərzində qüdrətli dövlətlərin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nizamlaya bilmədikləri Qarabağ münaqişəsini Azərbaycan 44 gün ərzində yoluna qoydu.
Ölkəmizdə xarici siyasət kursunun əsasları Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Son illərdə beynəlxalq aləmdə qazandığımız uğurlar bir daha təsdiqləyir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir.
Dövlət başçımızın rəhbərliyi ilə milli maraqları əsas götürərək, xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar gələcəyə ümidlə baxmağa əsas verir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüssel səfəri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Brüssel səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşlər və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Tarixi Zəfərimizin fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi dövlət başçısı cənab İlham Əliyevin keçirdiyi görüşlərdən, aparılan danışıqlardan və əldə olunan nəticələrdən daha aydın görünür. Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə olunan məsələlərdən biri dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına səfəri, səfər çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər, onların nəticələridir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Qurum ölkə Prezidenti cənab İlham Əliyevin regional liderliyini qəbul edir və onunla yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, cənab İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Naftalan şəhər sakini, Şəmsəddin Həsənov