“Bu bayraqları İraqda, Suriyada İŞİD-in keçirdiyi toylarda görmüşük” – Bakıda keçirilən toyun pərdəarxası (VİDEO)

“Bu bayraqları İraqda, Suriyada İŞİD-in keçirdiyi toylarda görmüşük” – Bakıda keçirilən toyun pərdəarxası (VİDEO)
SOSİAL
13:31 25.10.2021
1820

Xəbər verdiyimiz kimi, dünən Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanı təşkil edilib. Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa məsələyə öz münasibətini bildirib.

Deputat qeyd edib ki, burada hansısa zərərli ideologiyanın təbliğatı daha çox gözə dəyir: "Bilirsiniz, biz bu cür səhnələri 7-8 il öncə İraqda və Suriyada terrorçu İŞİD-in maşınlarla gerçəkçəşdirilən qələbə yürüşündə görmüşdük. Bayraqlar da oxşar şəkildə gözümüzə soxulurdu. İndi isə sanki bizə gələcəyimizi göstərirlər, amma bununla bizə nə demək istəyirlər. Onlara kim deyib ki, hansısa inancı bu cür teatral formada nümayiş etdirsinlər. Ümumiyyətlə, bu bayraqları kim icad edib, kimlər onu Azərbaycan bayrağının yanına soxuşdurub? Toy üçün Azərbaycan bayrağından dəyərli heç nə ola bilməz. Kimin toyudursa, Allah xoşbəxt etsin, ancaq burada daha çox hansısa ideologiyanın təbliği görünür. İslam dininin hansı mənbəsində bu cür və bu adda qutlama mərasimi var? Ümumiyyətlə, mən buna laqeyd yanaşan və cəhalətin ənənəyə çevrilməsinə dəstək verən bütün məmurları və tamaşaçıları qınayıram”.

Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dünən - oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.

Məlum olub ki, şənlikdə iştirak edənlərin bir neçəsində COVID-19 pasportu olmadığından, onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər. Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə duracağına yerləşdirilib.

Aydın

OXŞAR XƏBƏRLƏR