“Bu davaya səbəb Təhsil nazirliyinin izləyici mövqeyidir”

“Bu davaya səbəb Təhsil nazirliyinin izləyici mövqeyidir”
SOSİAL
10:23 21.11.2018
2478
"175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev və aktyor Rza Rzayev arasında xoşagəlməz hadisələrin yaşanması ilə bağlı yayılan məlumatlar məni çox təəssüfləndirir”.

AZXEBER.COM xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov 175 nömrəli məktəbin direktoru arasında yaşanan insidentə münasibətini bildirərkən deyib.
 
O, qeyd edib ki, hər iki şəxs arasında gərgin münasibət artıq bir ilə yaxındır ki, davam edir. Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin bu prosesdə sadəcə olaraq izləyici mövqedə qalmasını tənqid edən ekspert bunları deyib:
 
"Adıçəkilən şəxslər arasında bir ilə yaxındır münasibətlərin gərgindir. Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin bu prosesdə sadəcə olaraq izləyici mövqedə qalması düzgün deyil. Bu müddət ərzində təhsilin idarəçiləri bu iki şəxsi ağsaqqalları dəvət etməklə görüşdürüb aralarındakı problemi həll etməli idi. Çünki problem gizli deyildi. Hər iki ziyalı bir birinə sosial şəbəkələr və mətbuat vasitəsi ilə açıq müharibə elan etmişdilər və bu onların bir birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi. Sadəcə olaraq kim dözümsüzlük nümayiş etdirsə o ilk hücuma keçəcəkdi. Çünki hər iki tərəfin haqlı arqumentləri var idi.

Azərbaycan Ermənistan arasında ağır münaqişəni görüşüb müzakirə etdiyimiz dövrdə, iki vətəndaş arasındakı münasibətləri aidiyyati qurumlar tənzimləyə bilmirsə, deməli günahkar onlardır. İndiyə qədər qarşıdurma həll olunmalı idi. Təssüf ki, nəticə belə oldu. Düşünürəm ki, məsələ hüquq müstəvisində düzgün həll olunacaq. Hər kəsdən əsəblərinə hakim kəsilməyə və bir millət olaraq, bir-birimizə qarşı dözümlülük, səbr göstərməyi arzu edirəm. Bütün detalları və tərəflərin mövqeyini öyrənəndən sonra dəqiq fikir bildirəcəyəm.

Kamran Əsədov məsələnin bu həddə gəlməsində təhsil idarəçilərinin də günahı olduğunu vurğulayıb: "Dediyim kimi, məsələnin bu həddə gəlməsində günahkar təhsil idarəçilərinin barışdırcı mövqeydə olmamasıdır. Bu nə birinci faktdır, nə də sonuncu. Amma dərs almalı faktdır. Təhsil idarəçiləri təkcə təhsil verməməlidirlər, həm də dərs almalıdırlar. Hansısa insident baş verəndə, "semiçka” çırtdayıb dedektiv film izləyirmiş kimi kənardan izləyici mövqeyində olmaq lazım deyil.

Belə hadisələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi. Ümid edirəm ki, bundan sonra susmayacaqlar. Yoxsa bu gərginlik yenə də davam edəcək. Mütləq hər iki şəxsi görüşdürüb barışıq əldə olunmalıdır”.
OXŞAR XƏBƏRLƏR