Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?

Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
SOSİAL
14:28 27.07.2026
99
Xəbər verdiyimiz kimi, Azərbaycanda ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin təxminən hər beş nəfərindən biri ali təhsilli deyil. Dövlət Statistika Komitəsinin 2024/2025-ci tədris ilinə dair məlumatına görə, ölkədə fəaliyyət göstərən 13 min 100 ingilis dili müəlliminin 77,2 faizi ali, 22,8 faizi isə orta ixtisas təhsillidir. Bu, əsas fənlər üzrə müəllimlər arasında ən aşağı göstəricidir.

Statistikaya əsasən, informatika müəllimləri arasında da ali təhsilli olmayanların payı yüksəkdir. Belə ki, 5 min 739 informatika müəlliminin 84,4 faizi ali, 15,5 faizi isə orta ixtisas təhsili alıb. Digər əsas fənlər üzrə ali təhsilli müəllimlərin payı isə 97 faizdən yuxarıdır. Biologiya müəllimlərində bu göstərici 99,4 faiz, kimya və coğrafiya müəllimlərində 99,3 faiz, riyaziyyatda 99 faiz, tarixdə 98,6 faiz, Azərbaycan dili və ədəbiyyatı müəllimlərində isə 97,5 faiz təşkil edir.

Təhsil eksperti Elmin Nuri AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələ qanunvericilik istiqamətində öz həllini tapıb:

"Bu məsələ ilə bağlı artıq qərar verilib və qanunvericilik istiqamətində problem öz həllini tapıb. Belə ki, orta ixtisas təhsili müəssisələrindən, yəni kolleclərdən bütün pedaqoji ixtisaslar, o cümlədən xarici dil müəllimliyi çıxarılıb və yalnız bakalavr səviyyəsində tədris olunur. Bir vaxtlar yalnız fiziki tərbiyə müəllimliyi kolleclərdə qalırdı, lakin o da artıq bu siyahıdan çıxarılıb. İndi isə bu məsələnin gələcək perspektivlərinə baxmaq lazımdır. Uzun illər kolleclərə qəbul daha asan olduğu üçün pedaqoji ixtisaslara maraq yüksək idi. Hazırda vəziyyət əvvəlki kimi deyil. Bununla yanaşı, istər kollec, istərsə də universitet məzunlarının müəllimlərin işə qəbulu müsabiqəsində eyni və bərabər hüquqlarla iştirak etməsi də diqqət çəkən məqamlardandır”.


O bildirib ki, son 10-12 ildə MİQ müəllimlərin işə qəbulunda əsas mexanizmə çevrilib:

"Əvvəllər müxtəlif alternativ yollarla da təhsil müəssisələrində işləmək mümkün idi. Lakin son 10-12 ildə MİQ müəllimlərin işə qəbulunda əsas mexanizmə çevrilib. Müşahidələr göstərir ki, bəzi hallarda kollec məzunları universitet məzunlarından daha fəal və daha hazırlıqlı görünürlər. Nə üçün kollec məzunları bəzi hallarda universitet məzunlarını üstələyirlər? Əgər kimsə beş dəfə çox çalışıb, daha çox zəhmət çəkirsə və ixtisasına daha dərindən yiyələnirsə, bu halda fərqi yaradan təhsil müəssisəsi deyil, şəxsin öz hazırlığıdır. Digər tərəfdən, universitetlər də öz tədris proqramlarını elə qurmalıdırlar ki, məzunların peşə hazırlığında boşluqlar yaranmasın. Hesab edirəm ki, zaman keçdikcə bu fərq azalacaq və bir müddətdən sonra ümumiyyətlə aradan qalxacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR