“Bu gün heç vaxt unudulmayacaq” – Deputat

“Bu gün heç vaxt unudulmayacaq” – Deputat
SOSİAL
14:45 27.09.2026
119
Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Bu tarix 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı kimi Azərbaycan tarixində mühüm yer tutur.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu cəbhəboyu genişmiqyaslı hərbi təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan deputat Fazil Mustafa bildirib ki, 27 Sentyabr Azərbaycan tarixində yaddaşlardan silinməyəcək mühüm hadisələrdən biridir:

"Hər halda, bu gün böyük bir tarixdir. Bu, yaddaşlardan silinəsi hadisə deyil. Çünki Qarabağın işğaldan azad olunması prosesinin başlanğıcı məhz bu dövrdən qoyuldu. Ölkəmiz çoxlu şəhidlər verdi, çoxlu qazilərimiz oldu. Amma bütün bu itkilərin sonunda qələbənin əldə olunması hadisənin əhəmiyyətini daha da artırdı. 1992-ci ildə də müharibədə müəyyən uğurlarımız olmuşdu, lakin sonradan məğlubiyyətlər başladı və nəticədə torpaqlarımız işğal olundu. Buna görə də insanlar uzun müddət həmin hadisənin yaratdığı ağır şokdan çıxa bilmədilər”.
 


Deputatın sözlərinə görə, 2020-ci ildə əldə olunan qələbə əvvəlki illərdə yaşanan məğlubiyyətlərin yaratdığı mənzərəni dəyişdi:

"Amma bu dəfə, nə qədər böyük faciələr və itkilər yaşasaq da, qələbənin əldə olunması hər şeyi daha fərqli etdi. Biz böyük həyəcanla hər gün cəbhə xəttindən, döyüş bölgələrindən gələn xəbərləri gözləyirdik. Hər bir kəndin azad olunması bizim üçün böyük tarixi hadisə idi. Ona görə də bu gün heç vaxt unudulmayacaq və hər zaman insanların yaddaşında dərin iz buraxacaq”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR