“Belə bir halda Fransanın Qarabağ münaqişəsinə olan münasibəti bir daha özünü göstərdi”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev söyləyib. O, Fransanın bu hadisədən sonra Minsk qrupundan uzaqlaşdırılmalı olduğunu bildirib:
“Önən gün Xocalı soyqırımı ilə bağlı Avropada və ABŞ-da keçirilən tədbirlər onu göstərdi ki, Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir. Belə bir gündə bu faciə haqqında bütün məlumatları dünya ictimaiyyətinə çatdırmaq Azərbaycan xalqının borcudur, vəzifəsidir. Fransa hakimiyyəti digər dövlətlərdən fərqli olaraq azərbaycanlılara bu faciənin qurbanlarını yad etmək üçün daha böyük şərait yaratmalı idi. Çünki həm Azərbaycana həm Türkiyəyə qarşı qaldırılan soyqırım iddialarında bu ölkənin də böyük payı var. Digər bir tərəfdən Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Belə bir halda Fransanın Qarabağ münaqişəsinə olan münasibəti bir daha özünü göstərdi. Ona görə də, Fransanın belə bir hadisədən sonra Minsk qrupu çərçivəsində neytral mövqey nümayiş etdirməsi mümkün görünmür. Fransa Minsk qrupunda Avropa Birliyi tərəfindən əvəz edilməlidir”.
Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.
Əfsələddin Ağalarov







































