Bu il universitetə qəbul balları artacaq? – II qrup risk altındadır

Bu il universitetə qəbul balları artacaq? – II qrup risk altındadır
SOSİAL
12:07 08.07.2026
187
2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul zamanı keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı abituriyentləri və valideynləri ən çox maraqlandıran məsələlərdən biridir. Bəzi ixtisaslar üzrə balların yüksələcəyi, digərlərində isə dəyişməyəcəyi və ya enəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. 

Bəs bu il universitetlərə qəbul ballarında artım gözlənilirmi? 

Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, balların artması bir neçə amildən asılıdır:

"Balların artması bir neçə amildən asılıdır. Onlardan biri qəbul plan yerlərinin sayının artırılması və ya azaldılmasıdır. Bu amil keçid ballarına birbaşa təsir göstərir. İkinci amil isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının nəticələri ilə bağlıdır. Bu il buraxılış imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə daha azdır. Buraxılış və blok imtahanlarının cəmi üzrə formalaşan bala baxdıqda, xüsusilə 400-600 bal aralığında nəticə toplayan abituriyentlər arasında ciddi rəqabətin olacağı gözlənilir”.

O qeyd edib ki, II qrupda qeyd etdiyim orta bal intervalında müəyyən risklər yaranacaq:

"Qruplar üzrə vəziyyətə gəldikdə isə, xüsusilə II ixtisas qrupunda plan yerlərinin sayı artmayıb, lakin müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bu səbəbdən də məhz II qrupda qeyd etdiyim orta bal intervalında müəyyən risklər yaranacaq. Çünki hər bir yer uğrunda mübarizə aparan abituriyentlərin sayı ötən illərlə müqayisədə daha çox olacaq.
I, III, IV və V ixtisas qruplarında isə ötən illərlə müqayisədə keçid ballarında təxminən 5-10 ballıq fərq yarana bilər. Lakin daha dəqiq proqnoz vermək üçün ikinci cəhd blok imtahanlarının nəticələrinin açıqlanmasını gözləmək lazımdır. Buraxılış və blok imtahanlarının birgə nəticələrinə əsasən formalaşacaq keçid balları ötən illərlə müqayisədə təxminən 5-10 bal aşağı ola bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR