“Bu işdə festivalı deyil məhz cəmiyyəti günahkar görürəm”

“Bu işdə festivalı deyil məhz cəmiyyəti günahkar görürəm”
GƏNCLİK
10:52 18.09.2011
1784

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Artıq ssenari qəbulu yekunlaşıb. Ssenaristlərlə rejissorların görüşləri davam edir.

Festivalda çıxış edən ssenaristlər sırasında ADMİU-nun, həmçinin Rüstəm İbrahimbəyovun kino akademiyasının məzunu Azər Cəfər də yer alır. Azər festivala iki ssenari təqdim edib.

O, öz ssenariləri haqqında AZXEBER.COM portalına məlumat verib: “Ssenarilərimə quruluşu özüm verəcəyəm. Aktyorlar isə Rüstəm İbrahimbəyovun kino akademiyasının məzunlarıdır. Hamısı universitet tələbələri olsalarda, aralarında ADMİU-nun tələbəsi yoxdur. Ssenarilərdən biri “Ünvanına çatmayan məktublar” adlanır. Burada 1988-1994-cü illlər Azərbaycan-Ermənistan müharibəsi zamanı əsir düşən bir Azərbaycan əsgərinin həyatı əks olunub. Onun əsirlik həyatı və yaşadığı faciələr qısa şəkildə olsa da tam, dolğun çatdırılıb. İkinci ssenari- “Qara ilan, ağ ilan” adlanır. Burada isə, müharibə dövrünə qədər və müharibədən sonrakı dövrü əhatə edən Azərbaycan-Ermənistan münasibətləri özünü göstərir”.

Festival iştirakçısı eyni zamanda festivalın gənclərə verəcəyi tövhələrdən də danışıb: “Məncə, bu festivalın gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında çox böyük təsiri olacaq. Həmçinin, bu festival Azərbaycanın teatr həyatına təsir etməyi bacaracaq. Cəmiyyətə vətənpərvərlik ruhunun aşılanmasında isə festivalın 50 % təsirli olacaq. Bu işdə festivalı deyil məhz cəmiyyəti günahkar görürəm.”

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

Nuranə Rəhimova

OXŞAR XƏBƏRLƏR