Millət vəkili: “Bəzi gənclərimiz unudur ki, Ermənistan hələ də bizim torpaqlarımızı işğal altında saxlayır”.
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan gənclərinin birgə layihəsi olan televiziya fəaliyyətə başlayacaq.
Bu barədə keçən həftə mətbuata açıqlamasında Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı xəbər verib.
“Sülh TV” adlanan televiziya internet üzərindən yayımlanacaq.
Sözügedən televiziyanın yaradılması ilə bağlı AZXEBER.COM-a danışan millət vəkili Aqil Abbas, bu layihənin Azərbaycan gənclərinin düşmənlə mübarizə əzminə mənfi təsir göstərəcəyini inkar etməyib:
“Bizim bəzi gənclərimiz unudur ki, Ermənistan hələ də bizim torpaqlarımızı işğal altında saxlayır. Onlar hələ də bizim torpaqlarımızdan çıxmaq istəmirlər. Bu layihə gənclərimizin başının altına yastıq qoymaqdan savayı bir işə yaramayacaq və onları keçmişimizi unutmağa aparacaq”.
Qeyd edək ki, layihə Amerikanın Marşal fondu ilə birgə həyata keçiriləcək. Layihənin Azərbaycan tərəfindən olan rəhbəri Ramin Hacılının sözlərinə görə, layihədə bir sıra filmlər də çəkiləcək:
“Layihə çərçivəsində sülhlə bağlı filmlər çəkiləcək və Sülh TV-də yerləşdiriləcək. Layihəyə Ermənistan Avropa Hərəkatı, Türkiyə Avropa Hərəkatı, Gürcüstan Avropa Hərəkatı və Beynəlxalq Avropa Hərəkatı qoşulur”.
Əfsələddin Ağalarov