Gürcüstanda dövlət universitetlərinə qəbul olunanlar üçün təhsil magistratura pilləsində pulsuz olacaq.
AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, dövlət universitetlərinə qəbul olunan tələbələr üçün bakalavriatla yanaşı, magistratura səviyyəsində təhsil də pulsuz olacaq. Bu dəyişikliklər "Ali təhsil haqqında” qanunvericilik paketində nəzərdə tutulur və həmin layihəni deputatlara Parlamentin İdman Komitəsinin iclasında Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirinin müavini Zviad Qabisoniya təqdim edib.
Onun sözlərinə görə, ölkədəki bütün 19 dövlət universitetində təhsil artıq tam şəkildə pulsuz olacaq.
"Ali təhsili tamamilə pulsuz edirik. Bu, dövlət universitetlərində tam maliyyələşmə modelinin tətbiqini nəzərdə tutur. Mövcud qrant modelinin əvəzinə dövlət tərəfindən tam maliyyələşmə olacaq. Yəni dövlət ali təhsil müəssisələrinə kvota prinsipi ilə qəbul olunan tələbələr həm bakalavriat, həm də magistratura səviyyələrində tam pulsuz təhsil almaq imkanı əldə edəcəklər”, – deyə Qabisoniya bildirib.










































