Polşanın Rzeşov şəhərində legioner xəstəliyindən dünyasını dəyişənlərin sayı 11-ə yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki. Polşanın cənub-şərqindəki Rzeşov şəhərində müxtəlif şikayətlərlə xəstəxanalara müraciət edən 144 nəfərdə legioner xəstəliyi aşkarlanıb.
Legionella bakteriyasına yoluxmuş bu insanlar xəstəxanalarda müalicə olunarkən, ötən çərşənbə günündən bu yana həyatını itirənlərin sayı 11-ə yüksəlib.
Rzeszow şəhər administrasiyası tərəfindən yaradılmış böhran masası bakteriyanın şəhərin su kəmərindən ötürüldüyünü müəyyən edib.
Rzeszow Bələdiyyəsi keçən həftə sonu şəhərin bütün içməli su şəbəkəsini dezinfeksiya edərkən, Malopolska, Lublin və Wielkopolskie rayonlarında bəzi insanlarda da legioner xəstəliyi diaqnozu qoyulduğu açıqlanıb.
Xatırladaq ki, legioner xəstəliyi Legionella pneumophila bakteriyasının yaratdığı ciddi ağciyər xəstəliyidir. Bakteriyaya məruz qalan insanların əksəriyyəti xəstəliyə tutulmasa da, 50 yaşdan yuxarı insanlar, xroniki ağciyər xəstəliyi, böyrək və ya qaraciyər çatışmazlığı olanlar, xərçəng xəstələri, immun sistemi zəif olanlar, şəkərli diabet xəstələri və siqaret çəkənlər xəstəliyə daha çox yoluxurlar.