‘Bu, müxalifət qüvvələrinin parçalanmasına gətirib çıxarır’

SİYASƏT
13:50 29.04.2013
1380

Azərbaycan Yaşıllar Partiyasının sədri hesab edir ki, son günlər müxalifət düşərgəsində səsləndirilən birləşmə çağırışları mahiyyət etibarı ilə yaxşı ideya olsa da, mümkünsüzdür. "Birləşmə mahiyyət etibarı ilə yaxşı ideyadır. Ancaq təəssüf edirəm ki, son 20 ildə müxalifətin birlik məsələsi mümkün olmayıb və yenə də təəssüf edirəm ki, yaxın gələcəkdə də buna müvəffəq olmaq mümkün olmayacaq. Bunun əsas səbəbi məhz mövcud müxalifət qüvvələrinin siyasi motivasiyasının, proqramlarının, məqsəd və məramlarının aydın olmamasıdır", - bu barədəTrend-ə Yaşıllar Partiyasının sədriMayis Güləliyevbirləşmə çağırışlarına münasibət bildirərkən deyib. Onun fikrincə, siyasi partiyaların özünün daxilində, idarəetməsində demokratik prinsiplərə riayət olunmur. Güləliyev hesab edir ki, Azərbaycanda siyasi partiyaların son 20 ildə formalaşması xarici qüvvələrin istəklərinə, onların proqram və maraqlarına uyğun olaraq həyata keçirilib. "Müsavat bir tərəfdən birliyə hazır olduqlarını, amma digər tərəfdən də ən şanslı namizədin İsa Qəmbər olduğunu deyir. Yəni, bu o deməkdir ki, biz birlik istəmirik, istəyirsinizsə, gəlin bizim ətrafımızda toplanın, istəmirsinizsə, toplanmayın. Əgər doğrudan da Müsavat Partiyası birliyə cəhd edirsə, özü güzəştə getməlidir", - Güləliyev deyib. Onun fikrincə, Müsavata birlik lazım deyil. "Ona müxalifət imitasiyası yaratmaq lazımdır ki, yaxın dövrlərdə də məhz monopolist bir mövqedə dayansın və digər partiyaların əvəzinə əsas müxalifət partiyası kimi beynəlxalq təşkilatların qarşısında çıxış etsin. Təəssüf ki, bu, müxalifət qüvvələrinin parçalanmasına, əhalinin vahid namizəd ideyasına qarşı narazılığının artmasına gətirib çıxarır", - Güləliyev deyib. O, təəssüf etdiyini bildirib ki, Müsavat həmişə partiyaları böyük-kiçik, güclü-gücsüz, şanslı-şanssız və s. kimi elə hissələrə parçalayır ki, sonda onların birləşmə ehtimalları sıfıra gəlib çıxır.

OXŞAR XƏBƏRLƏR