İsti hava şəraiti ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün əlavə risklər yaradır. Temperaturun yüksəlməsi orqanizmdə maye balansına və qan dövranına birbaşa təsir göstərdiyi üçün ürək xəstələrinin bu dövrdə daha diqqətli olmaları vacib sayılır. Xüsusilə yay aylarında yaranan yüklənmə ürək ritminin pozulması və təzyiq dəyişiklikləri kimi fəsadlara səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər isti günlərdə ürək xəstələrinin gündəlik rejimlərinə və həyat tərzinə xüsusi nəzarət etməsini tövsiyə edirlər.
Tanınmış kardioloq Üzeyir Rəhimov Demokrat.az-a açıqlamasında deyib ki, isti hava şəraitində sağlamlığın qorunması, xüsusilə də ürək-damar və təzyiq xəstələri üçün xüsusi diqqət tələb edir:
"Günün ən isti saatlarında 10:00-dan 17:00-a qədər məcbur qalmadıqca çölə çıxmamaq daha məqsədəuyğundur. Bu dövrdə günəş şüaları orqanizmə daha çox təsir göstərdiyi üçün əlavə risklər yarana bilər. Geyim seçimi də mühüm amillərdən biridir. İsti havalarda pambıq və nəfəs alan parçalardan hazırlanmış geyimlərə üstünlük verilməli, günəşdən qorunmaq üçün kepka, şlyapa və gün eynəyindən istifadə olunmalıdır. Fiziki aktivlik və idman məşqləri isə günün sərin saatlarında, xüsusilə axşam vaxtlarında həyata keçirilməlidir”.
O bildirib ki, orqanizmin su balansının qorunması da vacibdir:
"Gün ərzində kifayət qədər maye qəbul edilməli, orta hesabla 2.5-3 litr su içilməsi tövsiyə olunur. Bununla yanaşı, qapalı məkanlarda kondisioner temperaturunun həddindən artıq aşağı salınmaması, 24-25 dərəcə aralığında saxlanması daha doğru hesab olunur. Qidalanma rejimində isə yüngül və lifli məhsullara üstünlük verilməlidir. Zeytun yağında hazırlanmış yeməklər daha məsləhətlidir. Eyni zamanda tünd çay və qəhvə kimi içkilərin qəbulu məhdudlaşdırılmalıdır, çünki bu içkilər ürək döyüntüsünü artıra bilər. Gigiyena və gündəlik vərdişlərə də diqqət yetirilməlidir. Ani və birbaşa soyuq duş qəbul etmək məsləhət görülmür, bədənin temperatur dəyişikliklərinə tədricən uyğunlaşması daha təhlükəsiz sayılır. Ürək və təzyiq xəstələrinə gəlincə, isti havalarda dərman dozasında dəyişiklik yalnız həkim məsləhəti ilə aparılmalıdır”.











































