‘Bu seçki Azərbaycan-Gürcüstan münasibətlərinə təsir göstərməyəcək’ - Politoloq

SİYASƏT
12:56 28.10.2013
1482

“Gürcüstan üçün Azərbaycan lazımdır, Azərbaycan üçün də Gürcüstan”.

Bu sözləri Gürcüstanda ötən gün baş tutan prezident seçkilərinin nəticələri ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Zərdüşt Əlizadə söyləyib. Politoloqun fikrincə, seçkilərdə “Gürcü Arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvilinin qalib gəlməsi Azərbaycan-Gürcüstan münasibətlərinə heç bir təsir göstərməyəcək:

“Bu seçkilərdən sonra Gürcüstanda prezidentin səlahiyyəti azalacaq və baş nazirin səlahiyyətləri artacaq. İvanaşvili isə artıq tutduğu baş nazir postundan gedərək, fəal vətəndaş kimi proseslərdə iştirak edəcək. Bu seçkilərin nəticəsi, Azərbaycan-Gürcüstan münasibətlərində heç bir dəyişikliyə yol açmır. Çünki Gürcüstan üçün Azərbaycan lazımdır, Azərbaycan üçün də Gürcüstan”.

Z.Əlizadə Rusiyanın bu seçkilərdən sonra bölgədəki gücünün zəifləyəcəyini deyib:

“Ümumiyyətlə Rusiyanın bölgədəki gücü getdikcə zəifləyir. Rusiyanın bölgədəki gücünün zəifləməsi prosesi 1990-cı ildən başlayıb. Gürcüstandakı seçkilər Rusiyanın gücünün artmasına deyil, əksinə azalması xidmət edəcək”.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 27-də keçirilən prezident seçkilərində hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvilinin qalib gəldiyi qətiləşib. G. Marqvelaşvili 62,19% səs toplayaraq rəqiblərini xeyli geridə qoyub.

Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının namizədi, parlamentin sabiq sədri David Bakradze 21,86% səslə ikinci olub. Daha bir keçmiş parlament sədri, Gürcüstanda Rusiya yönümlü siyasətçi kimi tanınan Nino Burcanadze cəmi 10,04% səs alıb.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR