Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama
SOSİAL
23:26 19.06.2026
130
Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkdə sürücülük vəsiqəsinin ömürlük verilməsi mümkün ola bilərmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, Azərbaycanda sürücülük vəsiqələrinin müddətli verilməsi birbaşa olaraq Vyana Konvensiyasının tələblərinə əsaslanır:

"Düşünmürəm ki, yaxın gələcəkdə sürücülük vəsiqələri müddətsiz verilsin. Ömürlük sürücülük vəsiqəsinin tətbiq olunduğu ölkələr olsa da, sürücülük vəsiqələrinin müddətli verilməsi hüquqi, tibbi və beynəlxalq təhlükəsizlik standartlarına əsaslanan yanaşmadır.

Məlumdur ki, insan yaşlandıqca görmə və eşitmə qabiliyyəti, eləcə də reaksiya sürəti zəifləyir. Buna görə də dövri tibbi müayinələrin keçirilməsi vacibdir və risk yaradan sürücülər müəyyən edilərək nəzarətə götürülür. Digər mühüm məsələ isə şəxsiyyətin eyniləşdirilməsidir. Zaman keçdikcə insanın xarici görünüşü dəyişə bildiyindən biometrik fotonun və sənədin yenilənməsi yol polisi tərəfindən identifikasiyanın dəqiq aparılması üçün vacib şərtdir. Bundan əlavə, yol hərəkəti qaydaları, texnologiyalar və infrastruktur da daim yenilənir. Sürücülük vəsiqəsinin müəyyən müddətlə verilməsi sürücünün hüquqi məsuliyyətinin də yenilənməsinə xidmət edir. Azərbaycanda 70 yaşdan sonra sürücülər hər iki ildən bir tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Bu halda onların nəqliyyat vasitəsini idarə etmək üçün yararlı olduqları təsdiqlənir və sürücülük vəsiqəsi yenilənir", - deyə o qeyd edib.

Beləliklə, sürücülük vəsiqələrinin ömürlük verilməsi ideyası beynəlxalq təhlükəsizlik standartları və tibbi zərurətlər baxımından real görünmür. Yaşla bağlı yaranan fiziki dəyişikliklər, qanunvericiliyin yenilənməsi və sürücülərin identifikasiyası sənədlərin müddətli olmasını tələb edir. Yollarda hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün mövcud nəzarət mexanizminin saxlanılması mütləqdir.
OXŞAR XƏBƏRLƏR