Bu gün demək olar ki, hər kəsin yolu ən az bir dəfə bankdan keçir. Kimisi kredit götürmək, kimisi ev və ya avtomobil almaq, kimisi isə gündəlik ehtiyaclarını qarşılamaq üçün bank xidmətlərindən istifadə edir. Ancaq banklardan kredit almaq göründüyü qədər də asan deyil. Xüsusilə kredit məbləği artdıqca banklar müştəriləri daha detallı şəkildə araşdırır, onların gəlirlərinə, iş yerlərinə, ödəniş tarixçəsinə və maliyyə etibarlılığına diqqət yetirirlər. Bəzən isə vətəndaşlar səbəbini anlamadan kredit imtinası ilə qarşılaşırlar. Ən çox maraq doğuran məsələlərdən biri də budur ki, banklar əsasən kimlərə kredit vermir və hansı səbəblərə görə bəzi şəxslər "qara siyahı”ya düşür?
Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, banklar əsasən kredit tarixçəsi mənfi olan, ödənişlərdə gecikmələrə yol vermiş və hazırda aktiv gecikməsi olan şəxslərə kredit verməkdən imtina edirlər:
"Eyni zamanda iş yeri ilə bağlı riskli məqamlar aşkarlanan şəxslərin müraciətlərinə də ehtiyatla yanaşılır. Çünki hər bir bank kreditləri öz daxili kredit siyasətinə uyğun şəkildə təqdim edir və bu siyasətdə müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Əgər şəxsin əvvəlki kreditlərində gecikmələr olubsa, hazırda aktiv gecikməsi varsa və ya əvvəlki borclarını problemli şəkildə bağlayıbsa, bu, bank üçün ciddi risk göstəricisi sayılır. Bundan əlavə, şəxsin çalışdığı müəssisə ilə bağlı etibarlılıq sualları yaranırsa, həmin təşkilatdan neqativ siqnallar daxil olursa və ya gələcəkdə bağlanma, ixtisar riski görünürsə, banklar bu şəxslərə kredit ayırmaqdan imtina edə və ya əlavə şərtlər tətbiq edə bilirlər. Belə hallarda əlavə zamin, girov və ya təminat tələb oluna bilər. Bəzi şəxslər kredit gecikmələrini belə izah edirlər ki, kredit onların adına rəsmiləşdirilsə də, ödənişləri başqa biri ailə üzvü, iş yoldaşı və ya tanışı həyata keçirib və gecikmə də bu səbəbdən yaranıb. Belə hallarda bəzi banklar müştərinin ödəniş intizamını yenidən yoxlamaq üçün ona kiçik məbləğli "sınaq krediti” təqdim edirlər. Məqsəd şəxsin məsuliyyətli olub-olmadığını müəyyənləşdirməkdir. Ancaq bütün banklar bu yanaşmanı tətbiq etmir”.
O deyib ki, mütəxəssislər belə vəziyyətlərdə kiçik məbləğli təminatlı kreditlərin götürülməsini tövsiyə edirlər:
"Məsələn, mobil telefon, kompüter və ya digər texniki avadanlıqlar üçün verilən kreditlər vaxtında ödənilərsə, şəxsin kredit tarixçəsi tədricən müsbət istiqamətdə formalaşa bilər. Bundan sonra yenidən iri məbləğli kredit üçün müraciət etmək daha asan olur. Bəzi gecikmələr isə texniki səbəblərdən yaranır. Məsələn, şəxs kreditini tam ödədiyini düşünsə də, sistemdə 1-2 manat və ya bir neçə qəpik məbləğində qalıq borc qala bilər. Müştəri əlində qəbz olduğu üçün krediti bağlandığını hesab edir, lakin həmin kiçik məbləğ vaxtında ödənilmədiyi üçün sistemdə gecikmə yaranır. Nəticədə şəxs başqa banka kredit üçün müraciət etdikdə aktiv borc və gecikmə ilə bağlı problemlə qarşılaşır. Belə hallarda vətəndaş borcun olduğu banka müraciət edərək gecikmənin texniki səbəbdən yarandığını təsdiqləyən arayış ala bilər. Bu sənəd vasitəsilə digər bank qarşısında vəziyyəti izah etmək və yeni kredit almaq şansı yaranır. Yəni şəxs gecikmənin onun məsuliyyətsizliyindən deyil, texniki səbəbdən baş verdiyini sübut etmiş olur”.