‘Bu situasiyada hökuməti günahlandırmaq doğru deyil’ – Nazim Məmmədov

İQTİSADİYYAT
16:01 26.02.2015
3283

Bu günlərdə günün əsas mövzularından biri əhalinin banklardan dollarla götürdüyü kreditlərin geri qaytarılmasında olan problemlərdir. Belə ki, milli valyuta manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsi özəl banklardan dollarla götürülən kreditlərin geri qaytarılmasında yaranan fərqə görə, vətəndaşların itirdikləri məbləğlərdir.

Aktual olan məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən sabiq deputat, iqtisadçı Nazim Məmmədov bildirir ki, indiki halda baş verənlərə görə, hökuməti birmənalı günahlandırmaq doğru deyil: “Bazar iqtisadiyyatıdır. Hökumətin əlində belə bir alət yoxdur. Kommersiya banklarından götürülmüş kreditlər iki tərəfin arasında - vətəndaşla bank arasında bağlanmış konkret müqavilələrlə tənzimlənir. Hökumətin Mərkəzi Bankın kurs siyasətinə müdaxilə etmək imkanı yoxdur. Çünki Konstitusiyaya görə, Mərkəzi Bank hökumətin tərkibində deyil. Əslıində, bu situasiyada hökuməti günahlandırmaq doğru deyil. Mərkəzi Bank pul, kredit siyasətini müstəqil həyata keçirir. Dolların kursunun bahalaşması adətən tədiyə balansı mənfi olanda baş verir. Azərbaycanda tədiyə balansı – yəni ölkəyə daxil olan valyutalar, istər idxal-ixrac əməliyyatları, istər investisiyalarla bağlı və digər fəaliyyətlərlə əlaqədar bizdə tədiyə balansı müsbətdir. Yəni ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutadan çox olduğuna görə, manat da möhkəmlənirdi. 2014-cü ilin yekunlarına görə də, müsbətdir. Belə olan halda manatın ucuzlaşmasının iqtisadi əsası yox idi. Mərkəzi Bank bunu niyə edib? Bu sual mənim üçün də qaranlıqdır. Görünən odur ki, Mərkəzi Bank öz rezervlərini idarə etməyə doğru yönəltməyib. O rezervlər xaricdə idarə olunduğuna görə, onların aqibəti haqqında bizdə məlumat yoxdur. Mərkəzi Bank uzun zamandır ki, öz rezervlərini geri gətirə bilmir. Bu səbəbdən dollar qıtlığı yaranıb. MB günahını əhalinin belinə yükləyib. İndiki situasiyada müəyyən addımlar atıla bilər. İqtisadi fəaliyyəti daha da şəffaflandırmaqla, korrupsiyanı, rüşvətxorluğu, monopoliyanı aradan qaldırmaqla, iqtisadi fəallığı daha da stimullaşdırmaqla qiymətlərə müəyyən formada təsir edilə bilər. Mərkəzi Bank idarəetmədə olan problemlərini ört-basdır etmək üçün belə bir addım atıb. Hesab edirəm ki, Mərkəzi Bank parlament qarşısında yaranmış situasiya ilə əlaqədar hesabat verməlidir”.

Orxan

OXŞAR XƏBƏRLƏR