AZXEBER.COM xəbər verir ki, Vəkil Vamiq Şükürov Demokrat.az-a açıqlamasında deyib ki, konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş nəqliyyat vasitəsində hərəkət zamanı sürücü kəməri bağlamalı və sərnişinlərin də kəmərdən düzgün istifadə etməsini təmin etməlidir:
"Bu tələb yol hərəkəti təhlükəsizliyinin əsas qaydalarından biri hesab olunur və ümumi risklərin azaldılmasına xidmət edir. Bununla yanaşı, qanunvericilikdə müəyyən istisna hallar da nəzərdə tutulub. Belə ki, 12 yaşınadək uşaqlar, geriyə hərəkət (manevr) edən sürücülər, hamilə qadınlar, həmçinin sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədən şəxs təhlükəsizlik kəmərini taxmaya bilər. Eyni zamanda, yaşayış məntəqələri daxilində operativ nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri də xidməti zərurət yarandıqda kəmərdən istifadə etməmək hüququna malikdirlər. Lakin bu istisnalar yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq şərtlər daxilində tətbiq olunur".
O, bildirib ki, motosikletlərə münasibətdə isə ayrıca tələb müəyyən edilib:
"Belə ki, motosiklet sürücüsü mütləq şəkildə qoruyucu dəbilqəni düzgün şəkildə bağlamalı, sərnişinlərin də motodəbilqədən istifadə etməsini və onun düzgün bərkidilməsini təmin etməlidir. Ümumilikdə bu qaydalar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və qəza zamanı ağır nəticələrin minimuma endirilməsi məqsədi daşıyır".











































