Azərbaycan-Gürcüstan arasında quru nəqliyyatının, o cümlədən dəmiryolu nəqliyyatının bərpa olunması artıq xeyli müddətdir ki, müzakirə olunur.
AZXEBER.COM xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, tərəflərin təqdim etdiyi məlumatlara əsasən mayın 1-dən etibarən Bakıdan Tiflisə, eyni zamanda əksinə gedib-gəlmək mümkün olacaq:
"Ümumiyyətlə, hər hansı rəsmi məlumat yayılırsa, adətən qarşı tərəflə razılaşdırılır. Mayın 1-dən dəmiryolu nəqliyyatının bərpa edilməsi məhz rəsmi məlumatdır. Bu, çox vacibdir. Azərbaycana ən çox gələn turistlər arasında gürcülər ilk üçlükdədir. Təbii ki, Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kifayət qədər çoxdur. Gürcüstan vasitəsilə üçüncü ölkələrə gedən vətəndaşlarımızın sayı çoxdur. Dəmir yolu nəqliyyatından bərpa edilməsi daha ucuz qiymətə Gürcüstana, yaxud Gürcüstan üzərindən digər Avropa ölkələrinə səfər imkanları artır. Gözləntilər ondan ibartədir ki, artıq ay yarımdan sonra Azərbaycan vətəndaşları qatardan istifadə etməklə Tiflisə gedə biləcəklər".
Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. Bir müddət əvvəl Gürcüstan tərəfi qatarların mayın 1-dən fəaliyyətə başlayacağını açıqlayıb.