Bu yaşdan sonra iş tapmaq çətinləşir — Açıqlama

Bu yaşdan sonra iş tapmaq çətinləşir — Açıqlama
SOSİAL
01:54 18.06.2026
123
Pensiya yaşının mərhələli şəkildə artırılması fonunda əmək bazarında yaşlı şəxslərin məşğulluğu məsələsi də daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Rəsmi olaraq pensiya yaşı 60-dan yuxarı olsa da, bəzi hallarda xüsusilə özəl sektorda 50 yaşdan sonra iş tapmağın çətinləşdiyi ilə bağlı fikirlər səsləndirilir. Bu vəziyyət isə uzun illər müxtəlif sahələrdə təcrübə toplamış insanların əmək bazarından kənarda qalması ilə bağlı narahatlıqları artırır. Yaş artdıqca insanların peşəkar bilik və təcrübəsi daha da formalaşır. Lakin bəzi şirkətlər daha çevik, texnologiyalara sürətli uyğunlaşan və aşağı maaş gözləntisi olan gənc işçi qüvvəsinə üstünlük verə bilir. Nəticədə illərlə çalışmış şəxslər yeni iş tapmaqda müəyyən çətinliklərlə üzləşirlər.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a bildirib ki, pensiya yaşı artıq uzun illərdir artırılıb və hazırda kişilər üçün 65 yaş müəyyən edilib:

"Qadınlarda da pensiya yaşı mərhələli şəkildə artırılır və hər il 6 ay əlavə olunur. Hazırda qadınların pensiya yaşının da 2027-ci ildən etibarən kişilərlə eyni 65 yaş olması nəzərdə tutulur. Pensiya yaşının artırılmasının əsas səbəbi insanların işə qəbul olunub-olunmaması ilə bağlı deyil. Burada əsas məsələ dövlətin pensiya öhdəliklərini azaltmaq istəyidir. Yəni dövlət daha az pensiya yükü ilə qarşılaşmaq üçün bu addımı atır. Məqsəd pensiya xərclərinin müəyyən qədər optimallaşdırılmasıdır. Dövlət və özəl sektorda yaş ayrı-seçkiliyinə gəlincə isə, mən şəxsən bunun geniş yayılmış və açıq formada tətbiq olunduğunu düşünmürəm. Uzun illər özəl sektorda çalışmış biri kimi belə bir diskriminasiya ilə rastlaşmamışam. Məsələ daha çox işə qəbul zamanı şəxsin bilik və bacarıqları ilə bağlı olur. Çünki pensiya sahibkarın xərci deyil. Pensiya vətəndaşın əməkhaqqından edilən tutulmalar hesabına formalaşır və bu proses dövlət tərəfindən tənzimlənir. Yəni özəl sektorun burada birbaşa maddi marağı yoxdur”.

O qeyd edib ki, bəzi hallarda işəgötürənlər yaşlı şəxslərə üstünlük verməyə bilər:

"Amma bu, onların pensiya yaşına yaxın olması ilə bağlı deyil. Daha çox yeni biliklərin mənimsənilməsi, müasir texnologiyalara uyğunlaşma, treninqlərdə çeviklik və adaptasiya imkanları ilə əlaqədardır. Gənclər bir sıra hallarda yeniliklərə daha açıq olur, texnologiyaları daha sürətli mənimsəyir və təcrübə qazanmaq üçün daha aşağı maaşla işləməyə də razılaşırlar. Bu səbəbdən rəqabətdə müəyyən üstünlük əldə edə bilirlər. Amma bunu yaşa görə diskriminasiya kimi qiymətləndirmək düzgün olmazdı. Əksinə, Azərbaycanda yaşlı insanlara münasibət daha hörmətli yanaşma üzərində qurulub. Bir çox hallarda iş yerlərində pensiya yaşına çatmış əməkdaşların işdən çıxarılmasına belə ehtiyatla yanaşılır. Mən işlədiyim şirkətlərdə də bunun şahidi olmuşam. Yəni ölkədə yaşlı insanların sırf yaşına görə sistemli şəkildə kənarda saxlanılması ilə bağlı ciddi mənzərə müşahidə etmirəm”.

Beləliklə, təqaüd yaşının qaldırılması tamamilə dövlət büdcəsinin sosial öhdəliklərinin tənzimlənməsi məqsədi daşıyır. Əmək bazarındakı mövcud rəqabət isə yaş amilindən daha çox işçilərin müasir rəqəmsal texnologiyalara uyğunlaşma sürətindən asılıdır.
OXŞAR XƏBƏRLƏR