Bu günə qədər Türkiyədə baş vermiş ən dəhşətli zəlzələlər - VİDEO

Bu günə qədər Türkiyədə baş vermiş ən dəhşətli zəlzələlər - VİDEO
DÜNYA
17:56 10.02.2023
249
Türkiyə seysmik olaraq aktiv bir ölkədir. Ölkə həm Avrasiya lövhəsi, həm də Ərəb lövhəsi ilə Afrika lövhəsi arasında yer alır. Buna görə də, Türkiyədə demək olar ki, tez-tez güclü zəlzələlər baş verir. 

Dünyada hər il 500 minə yaxın zəlzələ baş verir. Bu zəlzələlərin yalnız beşdə biri hiss olunur.

AFAD-ın məlumatına görə, 2020-ci ildə Türkiyədə 33 824 yer silkələnməsi qeydə alınıb. Bir il əvvəlki məlumatlarla müqayisədə zəlzələlərin sayında 44 faiz artım müşahidə olunub.

AZXEBER.COM Türkiyədə tarix boyu baş verən ən güclü zəlzələlərin siyahısını hazırlayıb.

1509-cu ildəki 7.2 bal gücündə İstanbul Zəlzələsi 

Zəlzələ böyüklüyünə və vurduğu ağır dağıntılara görə xalq arasında "Kiçik Qiyamət” adı ilə tanınırdı. 

1939-cu il Ərzincan zəlzələsi;

27 dekabr 1939-cu ildə baş verən 7,9 bal gücündə Böyük Ərzincan zəlzələsində təxminən 33 min insan həyatını itirdi, 100 min adam yaralandı, 116 minə yaxın bina dağıldı. Ərzincan zəlzələsi dünyanın ən böyük zəlzələlərindən biri hesab olunur.

Bu zəlzələ Türkiyə sərhədləri daxilində yaşanan ən böyük zəlzələ idi. Bu zəlzələ ilə Şimali Anadolu Fay Xəttinin varlığı ilk dəfə dərk olunmağa başlandı və Türkiyədəki zəlzələ ilə bağlı məsələlər müzakirə edildi.

1976-cı il Çaldıran zəlzələsi;

24 noyabr 1976-cı ildə yerli vaxtla saat 12:22-də episentri Vanın Muradiyə mahalının Çaldıran bölgəsi olan 7,5 bal gücündə zəlzələ baş verdi. Nəticədə 3 min 840 nəfər öldü, 9 min 232 binaya ziyan dəydi. 2 min kvadrat kilometr ərazidəki evlərin 80 faizi dağıldı.

Bölgədə zəlzələ ilə yanaşı, gecə havanın temperaturunun -17 dərəcəyə enməsi nəticəsində donma səbəbindən ölənlər də olub. Yağış və qar yağması səbəbindən xilasetmə işləri təxirə salınıb.

Zəlzələ ən çox can və mal itkisinə Muradiye və ətraf rayonlar olan Erciş və Özalpda səbəb olub. 3304 nəfər əhalisi olan Çaldıranda evlərin 95 faizi dağılıb, 615 nəfər ölüb.

1999-cu il Gölcük (Kocaeli) zəlzələsi;

17 avqust 1999-cu ildə yerli vaxtla saat 03:02-də episentri Gölcük 40.70 şimal eni və 29.91 şərq uzunluğunda 7.4 bal gücündə və 45 saniyə davam edən Gölcük zəlzələsi təkcə Kocaelidə deyil, həm də geniş bölgədə baş verib. Ankaradan İzmirə və Mərmərəyə qədər hiss olunub. Bu, Türkiyənin zəlzələ tarixində "ən uzun zəlzələ" kimi tanınır.

Rəsmi olaraq 17 118 nəfərin öldüyü, 25 000-ə yaxın insanın yaralandığı açıqlanıb.

Zəlzələdən ən çox zərər görən Kocaelidə 9 min 477 nəfər həyatını itirib, 9 min 881 nəfər isə yaralanıb. Zəlzələ zamanı 285 211 ev və 42 902 iş yeri zərər görüb.

2010-cu ildə dərc edilən Parlament Araşdırma Hesabatında ölənlərin sayı 18.373 olaraq yenilənib.

1999-cu il Düzce zəlzələsi

12 noyabr 1999-cu il saat 18:57-də Düzcedə 30 saniyə davam edən 7,2 bal gücündə zəlzələdə 894 nəfər həyatını itirdi, 2 min 679 nəfər yaralandı, minlərlə insan evsiz qaldı.

2003-cü il Bingöl zəlzələsi:

2003-cü il Bingöl zəlzələsi 1 may 2003-cü ildə yerli vaxtla saat 03:27-də Türkiyənin şərqində baş vermiş 6,4 bal gücündə zəlzələdir.

Hadisə Bingölün mərkəzindən 15 km şimalda baş verib. Zərər çəkmiş ərazidə ən azı 176 nəfər həlak olub, 625 bina dağılıb və ya ciddi şəkildə zədələnib. Çeltiksuyudakı internat məktəbində palata bloku dağılanda 84 nəfər ölüb.

2011-ci il Van zəlzələsi;

Episentri Vanın mərkəzindəki Tabanlı kəndi olan güclü zəlzələ baş verib.

23 oktyabr 2011-ci il saat 13.40 radələrində baş verən zəlzələnin maqnitudası 7.2 olub.

Bütün Türkiyə bu zəlzələnin yaralarını sağaltmaq üçün səfərbər olarkən, 9 noyabr 2011-ci il çərşənbə günü saat 21.20 radələrində Van Mərkəzindən 16 kilometr uzaqlıqda yerləşən Edremit rayonunda 5,6 bal gücündə yeni bir zəlzələ baş verdi.

Hər iki zəlzələ Şərqi Anadolu Bölgəsində hiss olunub və böyük narahatlıq yaradıb.

23 oktyabr və 9 noyabr 2011-ci il tarixlərində baş vermiş zəlzələlərdə 601 vətəndaş həyatını itirmiş, 1966 vətəndaş yaralanmış, 252 vətəndaş dağıntılar altından sağ-salamat xilas edilmişdi.

2020-ci il Elazığ zəlzələsi;

24 yanvar 2020-ci il yerli vaxtla saat 20:55-də Elazığın Sivrice rayonu Çevrimtaş kəndi ətrafında baş verən zəlzələnin ölçüsü 6,8, dərinliyi 8,05 km olub. Zəlzələ bölgədə dağıntılara və insan tələfatına səbəb olub.

Zəlzələdə 41 nəfər həyatını itirdi, mindən çox adam yaralandı.

Türkiyənin hər yerindən qrupların iştirak etdiyi axtarış-xilasetmə əməliyyatları zamanı 45 nəfər dağıntılar altından çıxarılıb.

2020-ci il İzmir Seferihisar zəlzələsi;

30 oktyabr 2020-ci ildə İzmirin Seferihisar mahalı sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin təxminən 16,54 kilometr dərinliyində baş verib.

Oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra ümumilikdə 3630 afterşok qeydə alınıb.

Zəlzələdə 116 nəfər həyatını itirib, 1034 nəfər yaralanıb.

Sonuncu ən güclü zəlzələ isə 2023-cü ilin fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. 

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Hazırda Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb, təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.
 
Ayşən 


OXŞAR XƏBƏRLƏR