Ülkər Eldarqızı Bayram yaxud matəm?
Bəlkə də dünyada əlamətdar günlərin bizim ölkədə olduğu kimi möhtəşəm düzülüşü olan ikinci bir ölkə yoxdur. Bilmirəm diqqət etmisiniz, ya yox bizdə bir neçə bayram və matəm günləri növbələşərək, yaxud ar-arda yerləşir . Matəm, ardınca bayram, sonra yenə matəm, yenə bayram...
Məsələn 31 Mart - 1 Aprel.
1918- ci il martın 31-də Azərbaycanlıların Soyqrımı günü baş verib. 1 aprel isə gülüş günü kimi qeyd olunur. Martın 31-i matəm günüdür. Məktəblərdə, universitetlərdə və başqa müəssisələrdə bu münasibətlə tədbirlər keçirilir. Bütün radiolarda qəmli mahnılar səslənir, televiziyalarda hadisəyə uyğun kinolar göstərilir. Hətta Facebook da belə bütün gün bu hadisəyə həsr olunan statuslar, paylaşımlar edilir. Elə ki gecə saat 12-ni göstərdi, anında radiolarda musiqinin ritmi qalxır, şən musiqilər verilir, facebookda 1 aprel-gülüş günü zarafatları edilir. Iki dəqiqə əvvəl kədər ifadə edənlər gülüş günü münasibətilə bir-birini təbrik edir, zarafatlaşırlar.
Bu situasiya yalnız 31 mart-1 aprel cütlüyü ilə bitmir. May ayında bu hətta özünü üçlüklə göstərir. 8, 9, 10 may tarixlərinin əhəmiyyətini hər kəs bilir, amma bir daha xatırladım. 8 may- Şuşanın işğalı , 9 may- Qələbə günü , 10 may- Gül bayramı. Sadəcə olaraq ardıcıllığa diqqət edək. matəm-bayram-bayram. Mayın 9-u Şuşanın işğalına görə "vətənpərvərlik" edənlər bir gün öncəsində və sonrasında Şuşanı heç xatırlamırlar belə, çünki əylənmək daha "vacibdir".
Bunu da qeyd edim ki, bu mövzuda yazmağı həmişə düşünmüşəm və nədənsə sonraya saxlamışam, sosial şəbəkədə müzakirə etməklə kifayətlənmişəm. Amma son olaraq lap bu yaxında əlavə olunan “Bayram” son addım oldu. Ötən ayın 20-də 20 Yanvarın 22 illiyi edildi. Şəhidlər Xiyabanınna axın-axın insanlar getdi və haqlı olaraq axşamacan hər yerdə qəmli notlar səsləndi . Gecə saat 12-ni göstərəndə isə Facebookdakı səhifələrin birində 21 yanvarın “Qucaqlaşma Günü” olduğu bildirilərək ":)" bu smaylla statusa rast gəldim. Cəmi bircə saat əvvəl ermənilərin qaniçənliyindən, şəhidlərin ölməzliyindən, lazım gələrsə, özlərinin də canlarını verəcəklərindən danışanlar "qucaqlaşma günü"ndən gülərək bəhs edirdi. Artıq bu vəziyyəti də görəndən sonra, bunun gələcəyimiz üçün böyük bir təhlükə siqnalı olduğu qənaətinə gəldim. Çünki 20 yanvar kimi hadisənin, onlarla şəhidlər verdiyimiz günün ardınca, kimin kəşf etdiyini bilmədiyim “Qucaqlaşma günü” adlandırılan bir bayramın facebookda belə olsa gənclər tərəfindən qeyd olunması, məndə çox böyük təəssüf doğurdu. İlin 365 günü yas tutmalıyıq demirəm,amma ən azından bir Azərbaycanlı gənci kimi düşünməliyik ki, nəyi nəyin ayağına veririk.
Nəzərə alsaq ki, bir milyon qaçqın və məcburi köçkünümüz, 20% işğal altında olan torpağımız, Xocalı kimi göz qabağında olmasına baxmayaraq, qəbul elətdirə bilmədiyimiz gözdağımız var, qucaqlaşma gününü, gülüş gününü qeyd etmək bizim hansı günümüzə yaraşır deyə bir özümüzə sual verək əvvəlcə...