Burgerin yolu: “McDonald’s”ın ət təchizat zəncirinə daxildən baxış - FOTOLAR

Burgerin yolu: “McDonald’s”ın ət təchizat zəncirinə daxildən baxış - FOTOLAR
İQTİSADİYYAT
11:06 29.09.2025
279
Yolumuz "Azprotein”ədir

"McDonald’s” şirkətinin təşəbbüsü ilə Azərbaycanın ən böyük ət kəsim və emal müəssisələrindən biri olan "Azprotein Foods Group" şirkətinə səfər etdik. Səfər zamanı apardığımız müşahidələr ölkədə qida təhlükəsizliyi və beynəlxalq standartlara uyğunluq baxımından əhəmiyyətli məqamları ortaya qoydu. Bu səfərin əsas məqsədi məşhur restoranlar şəbəkəsinin Azərbaycandakı ət təchizat zəncirinə şəffaflıq gətirmək idi.

Müəssisədə hazırlanan ət məhsullarının xammalı Yalama bölgəsində saxlanılan heyvanlardan əldə olunur. "Azprotein Foods Group" şirkətində heyvanların saxlanılması, kəsilməsi və ətin emalı beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirilir.

Heyvanların saxlandığı şəraitdə sanitariya qaydalarına ciddi şəkildə riayət edilir. Onlar yalnız müəyyən olunmuş standartlara uyğun şəkildə bəslənir və kəsimdən əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təyin olunmuş baytar həkimlərin müayinəsindən keçirilirlər.

Şirkətin layihə rəhbəri Seymur Əhmədov ət kəsim prosesi barədə danışarkən bildirdi ki, müəssisədə İslam qaydalarına – halal kəsim tələblərinə tam riayət olunur. Bu isə yalnız dini deyil, həm də beynəlxalq qida bazarının keyfiyyət standartlarına uyğunluq  baxımından  mühüm şərtdir.

Xüsusi vurğulamaq lazımdır ki, müəssisədə ildə iki dəfə planlaşdırılmış, həmçinin planlaşdırılmamış audit prosesi həyata keçirilir. Beləliklə, xarici auditorlar tərəfindən yoxlamalar aparılır. Bu auditorlar "McDonald’s”ın beynəlxalq tələblərinə uyğun olaraq qida təhlükəsizliyi, istehsalat şəraiti, heyvan rifahı və digər meyarları qiymətləndirirlər. Bu cür nəzarət yalnız məhsulun keyfiyyətinə deyil, həm də istehlakçının etimadına birbaşa təsir göstərir.

İstehsalat prosesinə yaxından baxış

Səfər zamanı ilk dayanacağımız məkan müəssisənin istehsalat şöbəsi oldu. Burada burgerlər üçün nəzərdə tutulan ət məhsullarının hazırlanma mərhələsi ilə yaxından tanış olduq. Ət əvvəlcədən müəyyən olunmuş spesifikasiyalara uyğun emal edilir.

"McDonald’s” burgerləri üçün hazırlanan ətlər iki dəfə xüsusi qurğudan keçirilərək farş halına salınır. Daha sonra ət xüsusi formalara salınaraq dondurulur və "McDonald’s”ın logistika mərkəzinə göndərilir. Ardınca isə restoranlara təhvil verilir. Burger ətlərinin keyfiyyətinin tələb olunan şəkildə qalması üçün əsas şərt temperatur dərəcəsinin qorunmasıdır.

Səfərdə iştirak edən "McDonald’s” restoranlar şəbəkəsinin Təchizat zənciri üzrə baş direktoru Anar Osmanov bildirib ki, "Azprotein Foods Group" ilə əməkdaşlığa başlamaq üçün 2 ildən çox müddətdə "McDonald’s”ın xüsusi tələblərinə uyğun istehsalat zənciri qurulub:

"İki il davam edən hazırlıq və müvafiq təsdiqdən sonra artıq 7 aydır ki, ‘Azprotein’lə əməkdaşlıq edirik. Əməkdaşlığımızla Azərbaycan iqtisadiyyatına da töhfə veririk. Bundan əlavə, artıq yerli məhsul olan burger ətlərimiz xaricə də ixrac olunacaq. Bunun həm iqtisadiyyatımıza faydası olacaq, həm də Azərbaycan brendinin xarici bazarda tanınmasına dəstək göstərəcək”.

Şəffaflıq və məsuliyyətli istehsal


Bu səfər bir daha göstərdi ki, qida sənayesində şəffaflıq və məsuliyyətli yanaşma müasir dövrün əsas tələblərindəndir. "McDonald’s” kimi qlobal brendlərin yerli tərəfdaşlarla birlikdə bu standartlara əməl etməsi ölkədə qida sənayesinin inkişafına müsbət təsir göstərir.

Jurnalist olaraq istehsal prosesinə şəxsən şahidlik etmək, məhsulun "fermadan masaya” qədər keçdiyi yolu görmək həm məlumatlılıq, həm də ictimai maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 



OXŞAR XƏBƏRLƏR