‘Bütün bunlara görə Azərbaycan iqtisadiyyatı öndədi’ - Deputat

İQTİSADİYYAT
14:47 04.09.2014
1630

“Azərbaycan son illər iqtisadiyyatında ardıcıl inkişaf tempi ilə hərəkət edir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. Deputat Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasında 144 ölkə arasında 38-ci sırada dayanmasına münasibət bildirib.

O, Azərbaycanın son illər uğurlu iqtisadi siyasət yürütdüyünü deyib:

“Təbii ki, müəyyən korrupsiya halları ilə bağlı bir sıra tənqidlər olsa da, ancaq ardıcıl inkişaf siyasəti öz uğurlu nəticəsini göstərir. Xüsusən də bölgələrin sosial-iqtisadi durumunun yaxşılaşdırılması ilə bağlı görülən işlər göz önündədir. Son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyən layihələr həyata keçirilib. Regionlarımızda olan turizm potensialının iqtisadiyyatımıza yeni maliyyə axınını təmin etməkdən ötrü yay-qış istirahət mərkəzlərinin tikintisi dövlətin də dəstəyi ilə həyata keçirilir. Bu cür layihələrin davamlı icrası yaxın gələcəkdə ölkəmizin bu sahə üzrə gəlirlərinə çox ciddi təsir göstərəcək”.

Deputat məhz bu səbəbdən Azərbaycanın bu siyahıda ön cərgəni tutduğunu bildirib:

“Bütün bu meyyarların hamısı təbii qanunauyğunluqlar yaradır ki, Azərbaycan iqtisadiyyatı məhz bu cür siyahılarda ön cərgələrdən birini tutur”.

Qeyd edək ki, hesabata görə, əmək bazarının effektivliyinə görə, Azərbaycan 33-cu yerdə mövqe tutur. İnnovasiya potensialının göstəricilərinə görə, Azərbaycan 72-ci, texnologiya səviyyəsinə görə 56-cı, təsisatların keyfiyyətinə görə 60-cı yeri tutur. Azərbaycan rəqabətə davamlılıq indeksinə görə artıq altı ildir ki MDB ölkələri arasında liderdir, daha sonra Qazaxıstan (50-ci yer), Rusiya (51-ci yer), Gürcüstan (69-cu yer), Ermənistan (85-ci yer), Ukrayna (76-cü yer) və s.

OXŞAR XƏBƏRLƏR