Layihə “Məşhur cütlüklər”
2011-ci ilin baharında Klaudiya əri Metyu və uşaqları ilə tələm-tələsik Beverli Hilldəki evlərini tərk edib İngiltərəyə yollandı. Baxmayaraq ki, Metyu Von “İks adamlar” filminin çəkilişləri ilə məşğul idi. Onlar İngiltərədə Londonun prestijli rayonunda yerləşən evlərinə yox, Saffolk qraflığındakı kəndə yollandılar. Burada qədim bir malikanə alıb, orada yaşamağa başladılar.Bununla bərabər, “Foks” studiyası reklam kampaniyasında Vonun xüsusi yeri aldığı təqdimat mərasimini təxirə saldı.Heç kim istəmirdi ki, Von həmin filmdə baş rol almış Cenyueri Consun yaxınlığında olsun. Belə addımlar ancaq kifayət qədər iri miqyaslı qalmaqallardan yayınmaq üçün atılır.
Qəfil gedişin sirri
Məsələ ona idi ki, filmdə baş rolu yaradan aktrisa Cenyueri Cons hamilə idi. Və bu hamiləliyi eşidən kimi hamının diqqəti Metyu Vona yönəldi. Bu hamiləliyin “günahını” hamı onda görürdü.Kişiləri yoldan çıxarmağı yaxşı bacaran Cenyueri Cons xarici görkəmi ilə Klaudiyaya çox oxşayırdı. Bu şayiələrin həqiqətə nə qədər uyğun olduğunu söyləmək çətindir. Bununla yanaşı, Metyu Vonun vəkilləri bu şayiələrin müştərilərinin reputasiyasına pis təsir etdiyini və yalan olduğunu bildirdilər. Elə Von özü də bunu təkzib etdi.
Bu qalmaqalda susan Klaudiya və Cons oldu. Klaudiya ailəsi ilə birlikdə İngiltərəyə yollandı. Cons isə bu günə qədər də övladının atasının kim olduğunu bildirməyib.
Klaudiya bu qalmaqala heç bir reaksiya vermədi. Axı onun özünün də arxada xeyli qalmaqallı tarixçələri vardı. Axı bir vaxtlar “bütün manikenlər fahişədir” deyirdi Klaudiya Şiffer...
Beləliklə, həmin an o, ən düzgün qərarı verir. Hollivuddan uzaq bir yerdə əri, uşaqları ilə sakit həyat sürməyə başlayır. Amma Klaudiya özünü formada saxlamağı da unutmur. O, Madonnanın məşqçisi Treysi Andersonu gətirtdirir və ideal formada olmaq istədiyini bildirir.
Planetin ən gözəl qızı
Mavi gözlü alman gözəlinə uğur 17 yaşında – gecə klubunda “Metropolitan” model agentliyinin rəhbəri Mişel Levatonla tanışlıqdan sonra gəldi. Onun vasitəsilə gənc Klaudiya Parisə gəldi və dərhal da “ELLE” jurnalının üz qabığında “göründü”. Bu, Klaudiya üçün moda aləminə qəbul olunmaq üçün əla şans idi. Bundan sonra model “Chanel” evi ilə müqavilə bağladı, “Guess Jeans” üçün reklam kampaniyalarında çəkildi, “Revlon” firması ilə uzunmüddətli müqavilə imzaladı, həmçinin, məşhur fransız firması “L’Oreal”ın əsas simalarından birinə çevrildi. Klaudiya Şiffer dünyada ən bahalı modellərdə biridir, həmçinin, “Paris Match”ın sorğusuna əsasən, 1995-ci ildə dünyanın ən gözəl qızı seçilib.
Onun şəkilləri modellik karyerasında 900 dəfə populyar jurnalların üz qabığında nəşr olunub. Nəşrlər onu daima diqqətdə saxlayır və Almaniyanın ən varlı qadınlarından biri kimi təqdim edir. Bu da təəccüblü deyil. Axı o, hər iş gününə 50 min dollar alır. İndi də “Forbs” onun varidatının 55 milyon olduğunu yazır.
Klaudiyanın ən qiymətli silahı özünə nəzarətdir. Klaudiya heç vaxt özünə nəzarəti itirmir. Bu, onda uşaqlıqdan formalaşan bir xarakterdir. O, özü həmişə deyir ki, cəmi bir dəfə özünə nəzarəti itirib – 17 yaşında. Həmin vaxt Klaudiya diqqət istəyirdi. Axı onun uzun boyu, atıq əndamı oğlanları cəlb eləmirdi. Oğlanları cəlb eləməyən Klaudiya reklam agentlərinin gözündən yayınmır. Onun ata və anasını inandırmaq və razı salmaq asan başa gəlmir. Mühasib ana və hüquqşünas ata asanlıqla razılaşmır. Bu günə qədər də mühasib ana və hüquqşünas ata ancaq Klaudiyanın müqavilələrini hazırlayır, onun maliyyə işlərinə nəzarət edir, bir sözlə onun üçün işləyirlər.
Amma bütün bu illərdə Klaudiya hər günün sonunda gördüyü işlər, getdiyi yerlər və keçirdiyi görüşlər barədə məlumat verir.
Klaudiya 26 yaşına çatanda çətin vəziyyətə düşdü. Yeniyetməliyindən iş birliyində olduğu Karl Laqerfeld onunla işləməyəcəyini bildirdi. Bu, Klaudiya üçün başqa tərəflərə də baxmaq imkanı yaratdı. Şiffer bundan sonra öz kaprizlərini ortaya qoymağa başladı. Şöhrətin zirvəsində olan maniken öz şərtlərini diktə etməyi xoşlayırdı. Və hər şeyi nəzarətdə saxlayırdı.
Tısbağa sevgi etirafı kimi
Klaudiya ilk dəfə rəsmi dünyaca məşhur sehrbaz Devid Kopperfildlə nişanlı olduğunu bildirdi. Onlar publika qarşısında çox az hallarda birlikdə görünürdü. Hərəsi öz işi ilə məşğul idi. Həm Devid, həm də Klaudiya gərgin iş qrafikində idi.Devid öz sevgisini iri brilyant qaşlı üzüklə izhar etmişdi.Onların “sehirli” hekayəsi 5 il sürdü. Amma rəsmi toy olmadı. Günlərin bir günü Klaudiya iri brilyant qaşlı üzüyü adi bir tısbağaya dəyişdi. Devid Klaudiyaya ata və ər kimi xüsusiyyətlərə malik olmayan təsir bağışlayırdı. Devid Kopperfildlə münasibətləri ailə səviyyəsinə qədər gəlib çıxmayanda Klaudiya Şiffer düşünməyə başladı. Nəzarəti itirmədən düşündü. Və elə bu vaxt o, Metyu Vonla tanış oldu.
Metyu Qay Riçinin yaxın dostu, bacarıqlı prodüser idi. Pul qazanmağı bacarırdı, yaxşı təşkilatçı idi. Amma onun Klaudiya qədər pulu yox idi.
Hər ikisi emosional dəstəyə ehtiyac duyduğu bir vaxtda tale onları rastlaşdırdı. Klaudiya gözəl idi və Metyu ona vurulmaya bilməzdi. Klaudiya özü isə kişilərdə başqa keyfiyyəti qiymətləndirirdi: “Kişi gözəl olmaya bilər. O, ağıllı və əsl kişi xarakterinə malik olmalıdır”.Metyu öz sevgisini Klaudiyaya nişan üzüyü və tısbağa bağışlamaqla bildirmişdi. Məhz görünür elə buna görə, Klaudiya Devid Kopperfildin iri brilyantını Metyu Vonun tısbağasına dəyişdi. Və o, tısbağanı seçdi.
Şiffer və Von 2002-ci ildə ailə qurdu. Toy çox ciddi qaydalara əməl olunmaqla keçirildi. Səs-küysüz, amma məşhur qonaqların iştirakı ilə. Madonna, Qay Riçi kimi ulduzlar iştirak etdi toyda.Hər şeyi təbii ki, Klaudiya özü təşkil etmişdi. Güllərin rəngindən tutmuş, yeməklərin menyusuna qədər.
Əsilzadə ər
Metyu Von öz işinin bilicisi kimi Hollivudda fəaliyyətini davam etdirirdi. Klaudiya ona ərə gedəndə bilirdi ki, Metyunun pulu ondan azdır. Amma bilmirdi ki, o, əsilzadə nəslindən olan bir kişi ilə ailə qurur. Əslində Von özü də bunu bilmirdi.
Məsələ onda idi ki, Von atasının amerikalı aktyor Robert Von olduğunu bilirdi. Vonun anası Keti Kinton doğurdan da Robert Vonun arvadı olmuşdu. Amma onlar evlənəndən sonra Robert tez-tez Ketini başqalarına dəyişirdi. Bundan inciyən Keti Londona qayıdır və burada gecələrin birində kral VI Georqun xaç oğlu Corc De Ver Drammond ilə tanış olur. Qısa sürən sevgi hamiləliklə bitir. Amma Keti bu hamiləlikdən xəbər tutmamış Robert Vonla barışır və Los-Ancelesə qayıdır. Məhz ABŞ-a qayıtdıqdan sonra hamilə olduğunu bilir. Robert bunu qəbul edir və Metyunu öz oğlu kimi təqdim edir. Robert baş verənlərdən xəbərdar olsa da, Metyu üçün ata obrazını oynayır. Amma bu, çox çəkmir, cütlük ayrılır. Metyunun anası dəqiq bilirdi ki, oğlunun atası Corc De Ver Drammonddur. Amma bunu sirr kimi saxlayır. Metyu evlənmək qərarını verəndə anası bu sirri açır. Klaudiya bunu yaxşı qarşılayır və əsilzadə nəslindən olan qayınatası ilə ərinin ata-oğul münasibətlərinin yaxşılaşması üçün əlindən gələni edir. Sonra Metyu öz soyadını da dəyişir. İndi o, rəsmən De Ver Drammonddur.
Klaudiya və Metyunun 2003-cü ildə ilk övladı dünyaya gəlir. Oğlanın adını Kasper qoyurlar. Bir il sonra isə qızları dünyaya gəlir – Klementina Poppi. 2010-cu ildə doğulan ikinci qızlarını isə Kozima Vayolet adlandırırlar.
Daha sonra isə Cenyueri ilə qalmaqal. Və İngiltərədə sakit həyat.
İngiltərədə qədim malikanəni aldıqdan sonra buranın təmirinə Klaudiya özü nəzarət edir.
Bir vaxtlar maniken xanımları “fahişə və axmaq toyuq” adlandıran Klaudiya Şiffer indi özü ideal qadın obrazını əla oynayır. Hətta o, britaniyalı jurnalistlərə ərəb şahzadəsinə necə imtina etdiyini də danışıb.
“Şahzadə ilə şam yeməyinə dəvət olundum. Amma imtina etdim. Bu təklifi başqa bir maniken xanım qəbul etdi. Mən istəmədim, çünki rahat və sərbəst yaşamaq istəyirəm. Öz işimlə məşğul olmaq istəyirəm, öz işimlə”.
Şahzadənin təklifini qəbul edən manikenin isə kimliyini açıqlamır Klaudiya.
İndi 43 yaşı olan supermodel hər şeyi nəzarətdə saxlamaq istəyir və bildirir ki, ona həyatda utancaqlığı həmişə mane olub.
“Mən hər dəfə podiuma çıxmazdan əvvəl hiss edirəm ki, qızarmışam. Makiyaj bunu gizlədir. Hər dəfə də deyirəm ki, bacaracam. Hələ ki, bacarıram”. /// ailem.az