‘Bütün meylimi qızıma salmışam’- Elşən Musayev

SİYASƏT
20:00 11.08.2013
5593

Bu gün Azərbaycanın siyasi səhnəsində son dövrlər ən fəal isimlərdən biri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin doğum günüdür. Bu münasibətlə Elşən müəllimdən müsahibə almaq qərarı verdik. AZXEBER.COM həmin müsahibəni təqdim edir.

Elşən müəllim, öncəliklə deyim ki yaşınızla gorüntünüz arasında ciddi bir uçurum var

Yəni?

Yəni kənardan 34 yaş göstərmirsiniz

Hə, hamı belə deyir. Yəqin özümü yaxşı saxlamışam (gülür)

Harda dünyaya göz açmısınız, Bakıda yoxsa əyalətdə?

Oğuzda(keçmiş Vartaşen) doğulmuşam. Mən 7 aylıq olana qədər də orda yaşamışıq. Daha sonra atamın işləri ilə əlaqədar Bakıya köçmüşük və sonrakı həyatımız da yalnız paytaxta bağlı olub. Amma təbii, bu söylədiklərimin sadəcə bir qismi xatirimdədir.

Uşaqlıqda xarakter etibarilə necə biri olmusuz?

Heç vaxt hisslərimi bəlli edib, onları bölüşməmişəm. Uşaqlıqda da elə idim, indi də. Adətən mübahisələrə girmirdim. Problemli insanlardan uzaq qaçırdım. Dostlarım çox olmayıb, çünki dostluq eləməyə də meylli olmamışam. Evdə isə hamıdan seçilirdim, ən çox da yaradıcı istedad sarıdan. Demək olar diqqətimi cəlb edən hər şeyə maraq göstərirdim. Hətta bir dəfə atamın köhnə dostlarından biri bacımın ad günündə qonağımız olarkən özü ilə gətirdiyi qarmonda necə gözəl ifa etmişdisə, səhəri gün atama qarmon aldırmışdım.

Öyrənə bildinizmi onu?

Mən bu həyatda həvəsim olan hər şeyi anındaca oyənib, qavramışam. Hətta musiqiyə həvəsim bir ara elə bir həddə qədər irəlilədi ki, bir baxdım, artıq peşəkar pianistəm. Çox sevirdim musiqini. İndinin özündə də o mənim həyatımın bir parçasıdır. İnanın bəzən avtomobildə hansısa gözəl musiqi səslənərkən yolumu bilərəkdən uzadıram ki, o bitsin, yarımçıq qalmasın.

Amma sonucda musiqiçi deyil, siyasətçi oldunuz.

Atamın ən böyük arzusu məni hüquqşünas, bacılarımı isə həkim görmək olub. Və çox şükür o sağlığında bu arzusuna çatdı. Yəni sənət baxımından. Amma hüquqşünas ixtisasına yiyələnsəm də siyasət məni özünə daha çox cəlb elədi və beləcə 6 illik təhsilimi, gərgin əməyimi necə deyərlər siyasətə qurban verməli oldum.

Necə gəlmisiniz siyasətə?

Məni siyasətə Abutalıb Səmədov gətirib. Və deyim ki, hər kəsdən öncə mənə güvənən, inanan, gələcəyimlə bağlı proqnoz verən insan da məhz o olub. ..18 yaşım yenicə tamam olmuşdu. Hələ Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinin 4-cü kursunda oxuyurdum(Bu arada xatırladım ki, mən ali məktəbə 15 yaşımda daxil olmuşam). Tədbirlərin birində Abutalıb müəllimlə təsadüfən görüşdüm. O həm də atamla həmkar idi. Bu səbəbdən iqtidaryönlü tədbirlərdə bu cür rastlantılar mümkün idi. Əlqərəz, bizim 5 dəqiqəlik söhbətimiz oldu, ardınca da səhəri gün “Bulvarda”böyük bir gəzinti... Və beləcə görüşlərimiz mütəmadiləşdi. O məni siyasətçi olacağıma inandırdı.

Amma nə zamandır Abutalıb müəllimdən xəbər-ətər yoxdur. Sanki proseslərdən uzaqlaşıb.

O harda olursa olsun, mənim üçün dəyərli insandır.

Sonradan nələr baş verdi bəs?

Demək olar, bütün kritik seçki proseslərində, ağır dönəmlərində ortalıqda oldum. 2003-dən ta 2010-a qədər. Sadəcə bu qədərini deyə bilərəm. Çünki davam etsəm təvazökarlıqdan uzaqlaşacam.

Amma sizin fəaliyyətinizdən danışarkən ən çox 2005-il yada düşür. Ələlxüsus da Rəsul Quliyevlə bağlı yaranmış insident.

2005-ci il Azərbaycan siyasi tarixinin ən ağır dönəmlərindən biri olub. O tarixin kritikası ən çox Əli Əhmədovun, Mübariz Qurbanlının və bir də Siyavuş Novruzovun yadında olar. Çünki ortalıqda onlardan başqa bir nəfər də olsun özündən deyən siyasətçi qalmamışdı(təbii, bəzi istisnalarla) Hərə bir tərəfə buxarlanmışdı. Biz dördlük düz 10 gün müddətində kanal ba kanal gəzib təbliğat apardıq. Elə gün olurdu eyni gündə 7-8 canlı efirə çıxırdım. Çünki bölüşdürülmüşdü, kim hara gedəcək...

Digərləri harda idi bəs? Yəni tərəfdaşlar.

Dedim axı, buxarlanmışdı. Biri deyirdi anam xəstələnib, digəri deyirdi rayondayam və s. Təbii hamısı bəhanələr idi. Sadəcə bilmək istəyirdilər ki, Rəsul Quliyevin təyyarəsi Bakıya doğru istiqamət alacaq yoxsa yox. Həmin təyyarə Amerikadan Simferopola gələrkən isə ortalıqda, efirdə yalnız say- seçmə insanlar qalmışdı. Və mən həmin gün AzTV-nin efirindən son dərəcə aqressiv tonla içimizdəki şərəfsizlərə səslənmişdim ki, adam kişi olar. Namərd olmayın. Həmin çıxışdan sonra isə gecə saatlarında Siyavuş Novruzov mənim mobil nömrəmi yığdı və həqiqətləri dediyim üçün təşəkkür etdi. Çünki o, proseslərin içində idi və kimin kim, nəyin nə olduğunu fərq edirdi.

Bəs sonrakı mərhələlərdə nə baş verdi, xəyanətkar dediyiniz insanlar qayıdıb gəldilərmi?

Aha, qayıtdılar. Həm də özlərinə məxsus formada. Və inanın tam səmimi deyirəm, mənim üçün də çox maraqlı idi ki, çətin gündə aradan çıxan adamlar yenidən ortalığa necə qayıda bilər? Yəni, bunun üçün insan üzünün “podoş”dan da ötə, artıq olması lazım. Amma bir baxdım ki, süfrənin ən yaxşı yerlərindən birində oturublar. Hansı deşikdən, qapıdan, bacadan, pəncərədən girdilər bilmirəm. Sadəcə, ortalıqda idilər yenidən.

Yaxşı bəs, sizə qarşı necədir münasibət? Ya da belə deyək, o vaxt bərabər “döyüşdüyünüz” insanlar bu gün sizi xatırlayırmı?

Bu haqqda danışmaq istəmirəm.

Niyə?

Çünki danışmaq istəmirəm.

O zaman mövzunun istiqamətini dəyişək. Bildiyim qədər ailəlisiniz.

Bəli, ailəliyəm və bir övladım var. Hətta məktəbə gedir artıq. Məni yaxından tanıyanlar da bilir ki, bu həyatda bütün meylimi qızıma salmışam. Hərçənd onunla bağlı arzularım böyükdür və İnşallah həmin arzular nə zamansa gerçəkləşər.

İnşallah. Syasətlə məşğul olmanız ailədə xüsusi bir narahatçılıq yaratmır ki?

Yox qətiyyən.

Yəqin iqtidar tərəfin nümayəndəsisiniz, ona görə rahatdırlar.

Mən iqtidar tərəfin deyil, Prezidentimin nümayəndəsiyəm. Və əmin olun ki, bunlar fərqli anlayışlardır. Getdiyim yola, müdafiə etdiyim şəxsə görə isə bütün məhrumiyyətləri gözə almağı bacaran biriyəm. Dediyimi də zaman-zaman sübut etmişəm.

Evə, ailəyə, övladınıza necə, zaman ayıra bilirsinizmi? Adətən sizin peşənin adamları bu məsələ ilə bağlı qınaq obyektində olurlar.

Əlbətdə ayırıram. Evin bütün işlərini özüm görürəm. Hətta övladımı məktəbə aparıb-gətirmək yükü də mənim üzərimdədir. Əslində belə olmamın bir başqa səbəbi də var: xaraktercə inanılmaz narahat adamam. Hansısa işi kiməsə tapşiranda elə bilirəm yarıtmayacaq, ya da nəsə tərsinə bir şey baş verəcək. Hərçənd xarakterimin bu tərəfini qətiyyən bəyənmədiyimi də altını çizərək vurğulamaq məcburiyyətindəyəm.

Bu gün xüsusi gün olduğu üçün həmin yüklərdən azadsınızmı barı?

Mənim üçün xüsusi gün deyə bir anlayış yoxdur. Ad günümü də heç bir zaman əlahiddə hadisəyə çevirməyin tərəfdarı olmamışam. Sadəcə ortalıqda maraqlı bir məqam var...(dodaqaltı gülümsəyir) Mən, qızm dil açan gündən onun beyninə yeritmişəm ki, 11 avqust həm də sənin ad günündür. Bilmirəm bu hardan və niyə ağlıma gəlib, amma dediyim kimi uşağın beyninə elə o vaxtdan yeritmişəm. Odur ki, söylədiyim gedişata müvafiq, hər il 11 avqustu qızımın xətri üçün də olsa,yüngülvari qeyd etməyə məcburuq. Bu gün də səhər tam erkəndən durub deyir: “Papa”, öz ad gününü özün bilərsən, istəyirsən evdə otur, istəyirsən çölə çıx. Amma unutma ki, bu gün həm də mənim ad günümdür. Mənsə corat qutabı istəyirəm. Əgər icazə qoysan restorana velisopedimi də apararam”...“İcazə qoysan”-isə balamın Azərbaycan leksikonuna bəxş etdiyi nəcib töhvələrdəndir...( bu dəfə ürəkdən gülür)

OXŞAR XƏBƏRLƏR