Bu gün xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür.
AZXEBER.COM xəbər verir ki, Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub.
2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. Şairin ilk mətbu şeiri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. Onun ilk şeirlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunub. 1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı nəşr edilib. Şair 1994-cü il iyunun 22-də vəfat edib. Xəlil Rza Ulutürk Fəxri xiyabanda dəfn olunub. Onun məzarı üstündə şairin əzəmətli heykəli yüksəldilib. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.