Azərbaycanın Tarixi Şəhərləri və Müasir Şəhərsalma İnkişafı

Azərbaycanın Tarixi Şəhərləri və Müasir Şəhərsalma İnkişafı
SOSİAL
10:06 22.05.2026
354
Azərbaycan qədim şəhərsalma və memarlıq ənənələrinə malik ölkələrdən biridir. Tarixi şəhərlərimiz əsrlər boyu formalaşan memarlıq üslubu, milli-mədəni xüsusiyyətləri və özünəməxsus urbanistik quruluşu ilə seçilir. Bu şəhərlər yalnız keçmişin izlərini yaşatmır, eyni zamanda müasir inkişaf prosesində də milli dəyərlərin qorunmasının vacibliyini nümayiş etdirir.

Son illərdə ölkəmizin bütün bölgələrində geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Şəhər və rayonlarda yeni infrastruktur layihələri icra olunur, yollar salınır, sosial obyektlər tikilir, yaşayış məntəqələri müasir görkəm alır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkərək bildirib ki, son beş il ərzində azad edilmiş ərazilərdə yüzlərlə körpü, onlarla kilometr tunel, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, hava limanları və digər mühüm infrastruktur layihələri həyata keçirilib. Dövlət başçısı vurğulayıb ki, bu layihələr öz torpaqlarına qayıdan insanların rahat yaşayışı və məşğulluğunun təmin olunmasına xidmət edir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri təkcə iqtisadi inkişaf deyil, həm də tarixi və mədəni irsin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Tarixi abidələrin bərpası, milli memarlıq elementlərinin saxlanılması və müasir şəhərsalma prinsiplərinin tətbiqi Azərbaycanın gələcəyə yönəlmiş inkişaf modelinin əsas göstəricilərindəndir.

Aygül Cəbrayılova
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Göygöl rayonu üzrə baş mütəxəssisi
OXŞAR XƏBƏRLƏR