Böyük Qayıdışın tarixi təminatı

Böyük Qayıdışın tarixi təminatı
SİYASƏT
12:51 21.12.2022
665
Müstəqil Azərbaycan bu gün inkişafının ən qüdrətli dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artan iqtisadi inkişafı sayəsində Böyük Qayıdış proqramı çərçivəsində "ağıllı şəhər”, "ağıllı kənd” layihələri icra edilir, el-obasından didərgin düşmüş soydaşlarımız evlərinə qayıdır. Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq, 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızı doğma yurd-yuvalarına qovuşdurmaq Azərbaycan dövlətinin hazırda ən mühüm prioritet vəzifələrindəndir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi Zəfərlə tarixi ədalət bərpa olunub, torpaqlarımız işğaldan azad edilib, nəticədə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni reallıq və imkanlar yaranıb. Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə başlanılıb.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Həmin soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbrsizliklə gözləyirdilər və bu proqramın təsdiq olması onlar üçün çox böyük sevinc bəxş etmiş oldu.
Proqramın təsdiq edilməsi xalqına 30 illik həsrətdən sonra qələbə sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevirməklə bağlı sözlərin əməli təzahürüdür.

"Bu proqramın təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir hadisədir. 30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. İşğal dövründə Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz doğma yurdlarından didərgin düşüb. İlk növbədə təbii ki, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə start verildi və bu gün həmin məsələlər davam edir. Bununla yanaşı həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin qurulması, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində layihələr icra edilib və hazırda da bu istiqamətdə işlər davam edir. Təbii ki, hədəf Azərbaycanın bu ərazilərini çiçəklənən diyara çevirməkdir”.
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.

44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərimizin davamı olan Qarabağda quruculuq işlərinin geniş vüsət alması güclü dövlətimizin, güclü liderimizin sayəsində mümkün olub. Qüdrətli Azərbaycan dövlətinin hədəfi düşmən əsarətindən azad olan əraziləri çiçəklənən diyara çevirməkdir.

Naftalan şəhər sakini Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR