Üç turistin qətlinə görə şok hökm

Üç turistin qətlinə görə şok hökm
DÜNYA
00:28 19.10.2026
210
Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları, eləcə də Karter Roud olduğu bildirilir. Hadisə 2024-cü ilin aprelində baş verib. Gənclər Meksikaya turist kimi səfər ediblər və Aşağı Kaliforniya ştatının Ensenada şəhəri yaxınlığındakı kimsəsiz çimərlikdə düşərgə salıblar.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, qətl uğursuz soyğunçuluq və səyahətçilərin avtomobilini ələ keçirmək cəhdi zamanı törədilib. Yaşları 30-u bir qədər ötmüş kişilərin meyitləri sonradan dağ zirvəsində yerləşən quyuda aşkarlanıb. Onların baş nahiyəsindən güllə yaraları aldığı bildirilib.

Nəşrin məlumatına görə, bir həftə əvvəl məhkəmə üç təqsirləndirilən şəxsi qətl, quldurluq və nəqliyyat vasitəsini qaçırmaqda təqsirli bilərək uzunmüddətli həbs cəzasına məhkum edib.

Hüquqi prosedurlara uyğun olaraq, yayımlanan xəbərdə təqsirləndirilən şəxslərin yalnız adları açıqlanıb. Onlar Xesus Xerardo, İrineo Fransisko və Anxel Xesusdur.

Bildirilib ki, prokurorluq dəymiş ziyana görə 100 min dollardan çox təzminat tələb edib. Lakin hakim kompensasiyanın mülki qaydada ödənilməli olduğunu əsas gətirərək bu tələbi rədd edib. Həlak olanların ailə üzvləri məhkəmə hökmünün elan olunmasını videobağlantı vasitəsilə izləyiblər.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR