Cəlil Cavanşirdan Gülər Əhmədovaya sərt yazı (KÖŞƏ)
KÖŞƏ
21:13 26.07.2011
2489
(Milli Mətbuatımızın 136 illiyinə və millət vəkili Gülər xanım Əhmədovaya həsr olunur)
Son 7 ayda heç olmasa bircə dəfə “Mərkəz” qəzeti alıb oxumuş qəzet oxucusu mənim imzamla bu qəzetdə mütləq rastlaşıb. Bəli, mən bu qəzetdə çalışırdım.
Ancaq 22 iyun günü təsisçi Gülər Əhmədovanın ədalətsizliyinə görə istefa verdim və haqqımı müdafiə eləməyə qərar verdim! Bu qısa vaxt ərzində ədəbiyyat haqqında yazdığım yazılar, yazıçılardan, şairlərdən, tanınmış insanlardan götürdüyüm müsahibələr, hazırladığım reportajlar böyük maraqla oxunub. Bunu e-poçtama yazılan məktublardan, sosial şəbəkələrdəki münasibətlərdən hiss edib çox sevinirdim. Bu qəzeti öz evim qədər sevir, ciddi-cəhdlə qəzetin inkişafı və tanınması üçün çalışırdım. Qəzetdə çalışdığım ilk gündən aldığım müsahibələr, yazdığım köşələr digər qəzetlərdə, portallarda çap olunub, minlərlə oxucuya təqdim olunub, xülasə maraqla qarşılanıb.
“Mərkəz” qəzetinin son 7 ayda qazandığı bütün uğurlarda mənim böyük payımın olması danılmazdır çünki bunu sübut edə biləcək qədər arqumentlərim var. Onlarla gənc yazardan aldığım müsahibə, yazarlar arasında keçirdiyim sorğular, ölkənin ədəbiyyat gündəmini diqqətlə izləməyim və qəzetdə işıqlandırmağım, köşələrim və yazılarımın oxunma səviyyəsinə görə qəzetdə heç kəsdən bir addım da geridə qalmamışam. ***
İyun ayının 15-i qonararımız verilməli olsa da hörmətli millət vəkili, qəzetin təsisçisi Gülər xanım Əhmədova məsələni 22 iyun Milli Mətbuat Gününə qədər uzatdı. 22-si səhər evdən çıxanda düşünürdüm ki, bu gün qonarar məsələsi mütləq həll olunacaq. Axı 22 iyun biz jurnalistlərin bayramıdır. Hətta hörmətli Gülər xanımın bəzi jurnalistləri şəxsən mükafatlandıracağını da gözləyirdim. ***
Nə isə, 22 iyun günü millət vəkili xanım Əhmədova kollektivə elə sürpriz elədi ki, bütün ölkə hələ də bundan danışır. Qonarar və maaşlar yarıbayarı azaldığı üçün bir qrup həmkarımla işdən istefa verdik və bu barədə mətbuata şəxsən mən açıqlama verdim.
Təbii ki, Gülər xanım da öz hüququndan istifadə edib bizim açıqlamalarımızın əksini söyləməklə bizi aşağılamağa çalışdı və hətta “Yeni Müsavat” qəzetində mənim işdən guya getmədiyimi də söyləməyə də fürsət tapdı. Ancaq həqiqətin kimin tərəfində olduğunu bilən həmkarlarımız bizim fikirlərimizi də kifayət qədər intensiv və operativ olaraq işıqlandırdılar. Bu işdə bizimlə olan, bizə dəstək verən bütün həmkarlarıma öz dərin təşəkkürümü və sayğımı bildirirəm.
***
Burda söhbəti uzatmayıb mətləbə keçimək lazımdı. Belə ki, “Azadlıq” qəzetində aşağıdakı formada açıqlama vermişəm: “Gülər Əhmədova kollektivə heç bir açıqlama vermədən Mətbuat Günü maaşlarımızı yarıbayarı azaldıb. Biz də buna etiraz əlaməti olaraq, qəzetdə çalışmaqdan imtina edib istefa verdik. Görünür, Gülər xanım Xızıda tikilən yanacaqdoldurma məntəqəsinin pulunu, istirahət xərcini kollektivdən çıxarmağa çalışır. Məlum dairələrdən qəzetə ayrılan maliyyə mənimsənilir. Gülər Əhmədova işçilərin necə dolanacağını vecinə almır. Eybi yox, şəxsən mən oğlumun xərclərin ona bağışlayıram...”
Yuxarıdakı açıqlamamda yalnız bir məqamı, Xızıdakı yanacaqdoldurma məntəqəsi ilə bağlı faktı dəqiqləşdirə bilmədiyim üçün, açıqlamamın bu hissəsindən peşimançılıq keçirirəm. Ona görə yox ki, kimdənsə qorxub çəkinirəm. Sadəcə inanmalı olmadığım adama etibar elədiyim üçün əndişəliyəm. Gülər xanım da bilsin ki, bu məlumatı dəqiqləşdirib tirajlayandan sonra vicdanım çox rahat olacaq. Hal-hazırda etibarsız mənbəyə istinad etdiyim üçün üzgünəm.
Bu gün(25 iyun) məsələni aydınlaşdırmaq, pozulmuş hüququmu bərpa etmək üçün hörmətli millət vəkilimizlə görüşdüm. Hətta qəzetin toplantısına da qatıldım. Gülər Əhmədova iclasda üzünü mənə tutdu, “Kiminsə keflə dünyaya gətidiyi uşağa mən baxmalıyam? Bəyəm mən sosial müdafiəylə məşğulam? Qonararın azalmağıyla kiminsə oğlunun xərclərinin mənə bağışlaması arasında nə əlaqə var?” Bax bu fikirə hökmən cavab yazmalıyam.
Hörmətli Gülər xanım,əgər sözünüz mənədirsə, mənim övladım keyfdən yox, mənim sevgimdən dünyaya gəlib. Atası, anası, nəsil şəcərəsi məlumdu. Ata babaları Qarabağ xanlarından, Cavanşirlərdəndir. Şəklini görənlər təsdiq edir ki, oğlum Ayhan mənə, yəni atasına çox bənzəyir. Bu dünya da Cavanşir qanını şərəflə daşıyacaq şəkildə tərbiyə və təhsil alacaq. Keyfdən, eyş-işrətdən doğulan uşaqlar üz-gözündən, sifət cizgilərindən bəlli olur. Atası naməlumlar, hansısa içki məclisinin sonundakı eyş-işrətdən sonra doğulanları heç kəs ayrıd eləməkdə zorluq yaşamır. Gülər xanım, unutmayın ki, bizlər kef çəkəndə övlad dünyaya gətirməyi düşünmürük, sadəcə kef çəkirik! Bizdə təsadüflərdən uşaq doğulmur. Axı bizim qanımız tər-təmiz, saf türk qanıdır! Heç bir qarışığımız yoxdur. Nənə-babalarımız haqqında bir zərrədə şübhə ola bilməz.
Bəli, mənim haqqımı kəsməklə oğlumun haqqını kəsmiş sayılırsınız və gec-tez buna görə ən azı vicdanınız qarşısında cavab verəcəksiniz. İclasda kiminsə həyat yoldaşı, anası haqqında “şərəfsiz” deyərkən ən azından kimin haqlı, kimin haqsız olduğunu araşdırmalıydınız. Axı siz qəzetin rəhbərisiniz. Konkret olaraq Bəxtiyar Elcan və Nicat Sadıqlını hədəfə götürülmüşdünüzsə, onların hər ikisinin şərəfli ailədən çıxmalarına və şərəflə yaşamalarına heç kəsin şübhəsi yoxdur. Gənc yazarlardan müsahibə götürdüyüm üçün mənim qonararımı kəsməyinizi heç cür başa düşmürəm. Bəyəm bu xalqın siz tanıdığınız imzalardan başqa yazarı, şairi, söz adamı yoxdur? Hətta sizin deputat seçildiyiniz dairədə yaşayan, mərhum yazıçımız Eyvaz Əlləzoğlunun bizə yadigarı olan gənc yazar Ayxan Eyvazla müsahibəmə irad bildirdiniz. Onu ağlatmadığım üçün məni qınadınız. İnsan faciəsi ilə oynamadığım üçün qonararımı kəsdiniz, halalınız olsun! Unutmayın ki, “Polat Alemdara bənzəyən” gənc yazar bir həftə içərisində valideyinlərini itirib, sizin deputat olduğunuz dairədə yataqxanada yaşayır.
Son 7 ayda qəzeti də, sizin informasiya agentliyi hesab elədiyiniz qarmaqarışıq portalı da oxuyan bəyənmədiyiniz, imzasına, yazdıqlarına istehza elədiyiniz gənclərdir. Gün ərzində merkez.az saytına 370-dən artıq insan daxil olmur və siz də buna uğurlu islahat adı qoyursunuz? Gülünc deyilmi?
Mən sizdən 15-22 iyun tarixi arasında “Mərkəz” qəzetində yazdığım yazıların qonararını, ötən ay kəsilən qonararımı tələb eliyirəm. Bunu ya siz verəcəksiniz, ya mən alacam, ya da sizdən başqa bir yolla bu pullar çıxacaq! Enerjinin itmədiyinə inanıram və mənfi enerjinin geriyə dönməyindən qorxmağınızı tövsiyyə edirəm. Təbiət bizdən çox ədalətlidir!
Ancaq xanımlığınıza görə “Xızıdakı yanacaqdoldurma məntəqəsi”nin mətbuatda tirajlanmasından narahatam və üzürxahlığımı qəbul edin. Əgər fakt dəqiqləşsə, ilk özüm yazacağam, bundan da arxayın olun! Ancaq nə oğlunuz, nə də bir başqası mənim yaxamdan yapışıb heç nə soruşa bilməz. Soruşacaq adama ikicə kəlmə söz deyib, yerində otuzduracaq qədər hazırlıqlıyam. Məni məhkəməyə verib həbs etdirməklə hədələyirdiniz, buyurun! Mənim 1-2 il həbsdə olmağımla heç nə dəyişməyəcək. Qətiyyən nə məhkəmədən, nə də sizin təhdidlərinizdən qorxmuram. Özünüzü haqlı hesab edirsinizsə buyurun, verin məhkəməyə! İtirəcəyim bir şey yoxdur. Ancaq itirəcəyi olanlar qorxmalı və ehtiyatlı olmalıdırlar. İçimdəki özgürlüklə həbsə girməkdən zərrəcə qorxmuram. Sabahdan(26 iyun tarixindən) yeni işimdə olacam. Yeni-yeni yazılarla oxucuların görüşünə gələcəyəm. Cəlil Cavanşir imzası heç zaman unudulmayacaq. Mən əminəm ki, tarixdə və yaddaşlarda qalacam. Unudulmayacam. Bu ölkədə çox millət vəkili olub ki, ancaq Milli Məclisdə olanda adı qəzet səhifələrini bəzəyib.
Ancaq Gülər xanım, sizdən haqqımı mütləq alcağam, bunu unutmayın! Mən vicdana və ədalətə inanıram!
P.S. Diktafon çox qəribə zaddı. Bəzən qəfildən düymə özü-özünə basılır və diktafon sahibinə qızıldan qiymətli olan məlumatlar bəxş edir. Bəxtiyar Elcan mənim diktafonumu Gülər Əhmədovanın köməkçisinə verəndə əsəbləşmişdim. Amma təsadüf nəticəsində, çox maraqlı faktlar yaddaşa yazılıbmış. Texnikadan bixəbərlik çox adamı pis vəziyyətdə qoyur. Düşünməyin ki, bu “P.S” yazıya dəxli yoxdu. Olmasa yazmazdım ki...
P.S.S Amerika mətbuatı yazır ki,” youtube.com saytı bəzən televiziyalardan effektlidir. Video müəllifini hədəfə tez çadrır.” P.S.S yazıya aid deyil. Oxumasanız da olar.