Sərgiyə millət vəkili Qənirə Paşayeva, əməkdar artistlər Aybəniz Haşımova, Azərin, yazıçı-publisist Rəşad Məcid, iş adamı Hacı Səbuhi Rəcəb, müğənnilər Aynişan, Lətifə Soyuöz, bəstəkar Günel Sərdarqızı da təşrif buyurmuşdular.
Tədbiri Xəyal Rza açaraq sərginin səbəbkarlarına dəstək olmaq məqsədi ilə layihəni həyata keçirdiklərini vurğuladı. Sonra Qənirə Paşayeva çıxış etdi. Millət vəkili Azərbaycan gənclərinin bacarığından, xüsusilə Nəzakət və Samirənin əl işlərindən söhbət açaraq bəyəndiyini bildirdi. Millət vəkili öz növbəsində hər ikisinə daim dəstək olacağını qeyd etdi. Digər qonaqlar da çıxış edərək səbəbkarları tərifləyib təbrik etdilər. Sonra qonaqlar səbəbkarlkarın əl işləri ilə tanış oldular. Qənirə Paşayeva bir neçə rəsm əsəri və dekor işləmələr aldı. Millət vəkili digər qonaqları, hətta sərgidə iştirak edən jurnalistləri də unutmayaraq onlar üçün də Nəzakət və Samirənin əsərlərini alaraq hədiyyə etdi. Digər tanınmış qonaqlar da rəsm əsərləri və əl işlərindən aldılar. N. Muradovanın hazırladığı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muncuqlardan ibarət portreti Heydər Əliyev Fonduna hədiyyə edilib. Onun digər mövzularda da maraqlı əl işləri var. Əl işləri və rəsmlər bir həftə boyunca satışda olacaq. S. Hüseynovanın rəsmlərindən əldə olunmuş gəlir onun əməliyyatı üçün sərf ediləcək.
Tədbirin təşkilatçılarından olan “12 May Group”un təsisçi-rəhbəri Hacı Səbuhi Rəcəb bu cür tədbirlərin tez-tez həyata keçməsi üçün əlindən gələni edəcəyini bildirir: “Şirkətimiz xalqa xidmət etmək üçün yaradılıb. Azərbaycanın istedadlı övladlarını üzə çıxarmaq, onlara dəstək olmaq bizim vətəndaşlıq borcumuzdur. Əlimizdən gələni edirik ki, onlar hər an vətənimizin, dövlətimizin onlara dəstək olduğunu bilsinlər”. Qeyd edək ki, “Cazibəli rənglər” sərgisi 13-20 sentyabr tarixlərində Azərbaycan prospekti 11/19 ünvanında yerləşən Müasir İncəsənət Mərkəzində həyata keçiriləcək. Sərgi saat 12:00-dan, 19:00-a dək davam edəcək.