Azərbaycanın cənub bölgəsində ev quşlarının, xüsusilə də toyuqların kütləvi şəkildə tələf olması ilə bağlı narahatedici məlumatlar yayılır. Lənkəran və Cəlilabad rayonlarının bir sıra kəndlərindən daxil olan məlumatlara görə, son günlər fərdi təsərrüfatlarda quşlar naməlum səbəbdən qısa müddət ərzində ölür.
Yerli sakinlərin sözlərinə görə, xəstəlik əvvəlcə quşların halsızlaşması, yemdən kəsilməsi və hərəkətsiz qalması ilə başlayır. Bir neçə saat və ya bir neçə gün ərzində isə toyuqlar tələf olur.
Ən narahatedici məqamlardan biri odur ki, bir təsərrüfatda xəstəlik aşkarlandıqdan sonra çox qısa müddətdə bütün quşlar məhv olur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli AZXEBER.COM-a açıqlamasında bildirib ki, toyuqların kütləvi tələf olmasının səbəbini laborator müayinələr aparılmadan dəqiq müəyyən etmək mümkün deyil:

"Ev quşlarının, xüsusilə də toyuqların kütləvi tələf olmasının səbəbini laborator müayinələr aparılmadan dəqiq müəyyən etmək mümkün deyil. Buna görə də konkret xəstəlik haqqında qəti fikir söyləmək düzgün olmaz. Lakin bu cür halların ən çox rast gəlinən səbəbləri virus və bakterial infeksiyalar, parazitar xəstəliklər, zəhərlənmə, keyfiyyətsiz yem və ya həddindən artıq isti hava şəraiti ola bilər”.
O qeyd edib ki, cənub bölgəsi isti və rütubətli iqlimə malik olduğundan mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaranır:
"Azərbaycanın cənub bölgəsi isti və rütubətli iqlimə malik olduğundan mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaranır. Yay aylarında yüksək temperatur və rütubət quşların immun sistemini zəiflədir, xəstəliklərin sürətlə yayılmasına şərait yaradır. Xüsusilə fərdi təsərrüfatlarda biotəhlükəsizlik qaydalarına tam əməl olunmadıqda infeksiya bir həyətdən digərinə qısa müddətdə keçə bilər”.
A.Nəsirli vurğulayıb ki, hər il təxminən eyni dövrdə oxşar problemlərin yaşanmasının əsas səbəbi də mövsümi amillərlə bağlıdır:
"Hər il təxminən eyni dövrdə oxşar problemlərin yaşanmasının əsas səbəbi də mövsümi amillərlə bağlıdır. Yayın sonu və payızın əvvəli temperaturun və rütubətin dəyişməsi, həşəratların çoxalması, quşların açıq sahələrdə və köçəri vəhşi quşlarla təmasının artması yoluxucu xəstəliklərin yayılması riskini yüksəldir. Bundan əlavə, isti havada yem və su daha tez xarab olur ki, bu da zəhərlənmə və infeksiya riskini artırır.
Bəzi illərdə quş qripi və ya digər yoluxucu xəstəliklər də belə kütləvi tələfatlara səbəb ola bilir. Ancaq bunun baş verdiyini yalnız baytarlıq orqanlarının laborator analizləri təsdiq edə bilər. Buna görə də hər hansı kütləvi ölüm halını avtomatik olaraq quş qripi və ya başqa konkret xəstəliklə əlaqələndirmək düzgün deyil”.
O deyib ki, belə hallarda ən vacib məsələ operativ baytarlıq nəzarətidir:
"Belə hallarda ən vacib məsələ operativ baytarlıq nəzarətidir. Tələf olmuş quşların səbəbi araşdırılmalı, xəstə quşlar sağlamlardan ayrılmalı, təsərrüfatlarda dezinfeksiya işləri aparılmalı və zərurət yaranarsa karantin tədbirləri görülməlidir. Bu həm xəstəliyin yayılmasının qarşısını almaq, həm də quşçuluq təsərrüfatlarının daha böyük iqtisadi zərərə məruz qalmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Əgər bu hadisələrin səbəbi yoluxucu xəstəlikdirsə, vaxtında görülən profilaktik tədbirlər və baytarlıq nəzarəti tələfatın miqyasını əhəmiyyətli dərəcədə azalda bilər. Buna görə də belə məlumatlar yayıldıqda rəsmi baytarlıq qurumlarının araşdırmalarının nəticələrini gözləmək və yalnız təsdiqlənmiş məlumatlara əsaslanmaq daha doğru yanaşmadır”.
Şahanə Ziyad










































