"Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır"

"Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır"
SİYASƏT
12:40 04.03.2026
193
Göründüyü kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır. Məhz İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olan Cənub Qaz Dəhlizinin reallaşması da aparılan uğurlu siyasətin nəticəsidə  nəinki region, həmçinin bütün Avropa üçün ən vacib təşəbbüslərdən biridir. 

Prezident İlham Əliyev martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edərək geniş nitq söyləmişdir. Hesab edirəm ki, iclasın Bakı Konqres Mərkəzində keçirilməsi bu strateji xəttin məntiqi davamı kimi yadda qaldı. Bu istiqamətli toplantılar Azərbaycanın enerji siyasətinin ardıcıllığını və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha əks etdirir.
 
Əlbəttə ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Ölkəmizdə Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işi, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi xüsusi əhəmiyyət kəsb edir. Bir sıra Avropa ölkələri üçün enerji təhlükəsizliyi konteksti Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Müasir dünyada Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. 
 
Dövlətimizin başçısı çıxışında ölkənin enerji siyasətinin prioritet istiqamətlərini və əldə olunan nəticələri təqdim edərək qeyd etdi ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.
   
Onu da qeyd edək ki, Azərbaycandan Avropaya "yaşıl enerji”nin tədarükünü nəzərdə tutan Qara dəniz enerji kabeli layihəsini regional və milli enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından vacib hesab edilməlidir. Qara dəniz sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq.

Əlavə olaraq, Azərbaycan alternativ enerji mənbələrinə, külək, günəş və hidroenerji layihələrinə investisiyaları genişləndirir. Prezident çıxışı zamanı qeyd etdi ki, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi istehsal ediləcək, bu da həm daxili, həm də ixrac tələbatı üçün enerji potensialından istifadəyə imkan verəcək. Ölkəmizin başçısı həmçinin ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq enerji, süni intellekt və digər sahələrdə əməkdaşlıq, eləcə də Ermənistanın işğalından azad edilmiş ərazilərdə hidroenerji layihələrinin inkişafına da toxunaraq, bu istiqamətdə konkret layihələrin həyata keçirilməsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini söylədi.

Bu baxımdan, dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlərarası qarşılıqlı anlaşmanın yaranmasına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və davamlı inkişafa öz təsirini göstərir. Cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasəti nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.

Vilayət İsmayılov, iqtisad elmləri doktoru, professor

OXŞAR XƏBƏRLƏR