Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı tarixi sülhə nail olduqlarına görə təbrik edib. Bu barədə məlumatı Prezidentin köməkçisi, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” sosial şəbəkəsində paylaşıb.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a bildirib ki, sözügedən hadisə Cənubi Qafqazda yeni siyasi reallıqların beynəlxalq miqyasda qəbul olunduğunun bariz nümunəsidir:
"Bu çıxış həm Avropa İttifaqının regiona münasibətini, həm də Azərbaycan və Ermənistan liderlərinin iradəsi ilə formalaşan sülh prosesinin legitimliyini əks etdirir. Aİ uzun illər Cənubi Qafqazda vasitəçilik missiyası həyata keçirməyə cəhd göstərsə də, nəticələr əksər hallarda nəticəsiz olub. İndi isə Brüsselin verdiyi mesaj prosesin xarici təzyiqlərlə deyil, məhz tərəflərin öz siyasi iradəsi ilə mümkün olduğunu vurğulamaqla fərqlənir. Bu, Azərbaycan üçün strateji qələbədir”.
Deputat deyib ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi təmin olunub:
"Separatizmin kökü kəsilib və Ermənistanla münasibətlərdə yeni mərhələyə start verilib. Aİ rəhbərliyinin səsləndirdiyi təbrik Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini göstərir. Əgər əvvəllər Avropa dairələrində ikili standartlara əsaslanan yanaşmalar müşahidə olunurdusa, indi sülhün əldə olunması faktı açıq şəkildə etiraf edilir. Ermənistan üçün isə bu, yeni siyasi mesajdır. Paşinyanın daxildə müqavimətlə üzləşdiyi bir vaxtda Avropa İttifaqı tərəfindən verilən dəstək sülhün məğlubiyyət yox, tarixi fürsət kimi qəbul olunmasına imkan yaradır. Bu, həm də erməni cəmiyyətində illərlə formalaşdırılan miflərin dağıdılması baxımından əhəmiyyətlidir”.
Parlamentari vurğulayıb ki, beynəlxalq legitimlik qazanmış sülhün Cənubi Qafqaz üçün əsas nəticəsi risklərdən imkanlara keçiddir:
"Nəqliyyat və kommunikasiya xətlərinin bərpası, regional əməkdaşlığın genişlənməsi, Azərbaycanın enerji resurslarının Avropanın təhlükəsizliyində artan rolu və xarici sərmayələr üçün sabit mühitin yaranması bu mərhələnin əsas göstəriciləridir. Antonio Koştanın çıxışı sadəcə diplomatik jest deyil, həm də yeni siyasi eraya verilən simvolik qiymətdir. Azərbaycan diplomatiyası üçün bu, əldə olunmuş uğurların təsdiqi, Ermənistan üçün isə reallığı qəbul etməyin zərurəti kimi çıxış edir. Beləliklə, Cənubi Qafqazda sabitlik və əməkdaşlığa əsaslanan yeni bir səhifə açılır”.
Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev AZXEBER.COM-a bildirib ki, Azərbaycan və Ermənistan sülhün bir addımlığındadır. O qeyd edib ki, Rusiyanın Kopenhagen görüşündən narahat olmasının heç bir əhəmiyyəti yoxdur:
"Çünki bütün münaqişələrin həlli danışıqlar masasında, münasibətlərin bərpası yolu ilə mümkündür. Ancaq bunun Rusiyanı qıcıqlandırıb-qıcıqlandırmamasının heç bir əhəmiyyəti yoxdur. Çünki Rusiyanın mövqeyi həm Azərbaycana, həm də Ermənistana artıq məlumdur. Minsk qrupunun üzvü kimi Rusiya illərlə heç bir addım atmadı və problemin həllinə kömək göstərmədi. Əksinə, müəyyən maneələr yaratdı”.
Deputat deyib ki, yaxşı ki, ABŞ bu missiyanı öz üzərinə götürdü:
"Eyni zamanda sülhə gedən yolun mütləq bərqərar olunmasının vacibliyini vurğuladı. Üstəlik, ortada üçtərəfli Bəyanat da mövcuddur. Avqustun 7-8-də keçirilən görüşlər də bu baxımdan önəmlidir. Artıq Minsk qrupu ləğv olunub. Bu görüşlər faydalıdır və bir çox dövlətlər tərəfindən dəstəklənir”.
Parlamentari vurğulayıb ki, bəzi dövlətlər tərəfindən Ermənistana təsirlər hələ də var:
"Çünki hər bir ölkənin regionda maraqları qalmaqdadır. Rusiya, Fransa və digər dövlətlər isə prosesi uzatmaqla həmin maraqlarını qorumağa çalışırlar. Amma Azərbaycan dövləti və Prezidenti müstəqil siyasət yürüdür və öz mövqeyində qətiyyətlə dayanır. Sülhün təmin olunması üçün Ermənistan əvvəlcə qanunsuz iddialardan əl çəkməlidir. Eyni zamanda Azərbaycana və Türkiyəyə qarşı irəli sürdüyü tələbləri geri çəkməlidir. Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər”.
T.Rzayev əlavə edib ki, hazırda mötəbər tədbirlərdə Paşinyanın bir neçə tərəfə meyilləndiyi müşahidə olunur:
"Paşinyan qarşıdan gələn seçkilərə görə gah bir tərəfə, gah digər tərəfə meyl edir. Bu, daxili siyasi məqsədlərlə bağlıdır. Amma hazırkı mövqeyi daha düzgün görünür. O, Ermənistanın gələcəyi naminə addımlar atır. Özü də son çıxışında dedi ki, Ermənistanda dövlətçilik olmayıb: "Keçmiş prezidentlər başqa dövlətlərin təsiri altında hərəkət etdikləri üçün dövlətçilik zəifləmiş, münaqişə isə vaxtında həll olunmamışdır. İndiki danışıqlar isə həm sülhə, həm Ermənistanın dövlətçiliyinə, həm də inkişafına yol açır”. Əgər Paşinyan üçtərəfli bəyanata sadiq qalarsa, düşünürəm ki, danışıqlar müsbət nəticələnəcək və tezliklə sülhə nail olunacaq”.
Şahanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.