Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.
AZXEBER.COM xəbər verir ki, tərəflər iki ölkə arasında ən yüksək səviyyədə inkişaf edən qarşılıqlı əməkdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
2021-ci ilin hər iki dövlət üçün həm ikitərəfli münasibətlərin inkişafı baxımından, həm də regional və qlobal müstəvilərdə olduqca zəngin və diplomatiya ağırlıqlı bir il olduğu qeyd edilib, qarşıdan gələn ildə bu münasibətlərin daha da irəli aparılması üçün səylərin səfərbər ediləcəyi vurğulanıb.
Cahit Bağcı gələn ilin martında təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu Ceyhun Bayramova təqdim edib.
Görüşdə tərəflər Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələlərini, həmçinin hər iki dövlətin təşəbbüsü və birgə iştirakı ilə həyata keçirilən layihələri, eləcə də 3+3 formatında bu yaxınlarda ilk görüşü, baş tutan regional məsləhətləşmələr mexanizmi, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının perspektivlərini müzakirə ediblər.