Ceyhun Osmanlı: "Fəallıq göstərmək istəyirlərsə, buyurub Qarabağ münaqişənin ətrafında bu fəallığı göstərsinlər"

MARAQLI
10:20 19.03.2011
1796

- Azərbaycanda etiraz aksiyalarının keçrilməsinə ehtiyac varmı?

- Hər bir ölkədə, cəmiyyətdə insanların fərqli fikirlərdə ola bilməsi normaldır. Amma hər hansı bir aksiya, tədbir qanun çərçivəsində olmalıdır. O cümlədən də gənclərin və yaxud hər hansı bir siyasi partiyaların deməyə sözləri varsa, öz tərəfdarlarını platformaları ilə tanış etmək istəyirlərsə, bu qanun çərçivəsində olmalıdır. Məsələn, həmin tələbə aksiyaları Londonda da keçirilib və bunun üçün şəhər meriyasından icazə alınıb. Müəyyən olunmuş yerdən kənara çıxdıqda London polisi onlara amansız tədbirlər görür. Hətta böyük demokratik ənənəsi olan İngiltərədə də tələbələr atların ayaqları altında qalıblar. Yenə də deyirəm ki, əslində hər tələbənin, gəncin bir nömrəli vəzifəsi yaxşı təhsil alması, savadlı yetişməsi və özünün məqsədləri naminə realizə edə bilməsidir. Bu gün Azərbaycan gəncinin öz potensialını realizə etməsi üçün imkanları var. Bundan əlavə, orta və ali təhsili pulsuz və yaxud dövlət təhsilini bəyənmədiyi halda pullu özəl təhsil alması, Azərbaycanda təhsili bəyənmirsə xaricdə dövlət hesabına təhsil alması və sonradan öz sahəsinə uyğun iş tapması mümkündür. Amma bugün dünyada bazar iqtisadiyyatı şəraitində kimsə özünü yetişdirmə əvəzinə uğur qazanmağın asan yollarının axtarışındadırsa, artan rəqabət fonunda kimsə asan yolla uğur qazanmaq istəyirsə, bu çox çətin məsələdir. Yaxşı olardı ki, gənclər öz zəhməti, potensialı, biliyi müqabilində özünə asan həyat axtarsın. Ona görə yaxşı olardı ki, bir gəncin tələbəlik illərində təhsili, oxumağı və özünü yetişdirməyi bir nömrəli prioritet vəzifə olaraq qoysunlar.


- Bu etiraz aksiyalarına cəlb olunan tələbələrin müxtəlif bəhanələr gətirir, Azərbayacan təhsil sistemində müxtəlif neqativ hallarının olduğunu deyirlər. Bu məsələlərə sizin münasibətinz necədir və onların bu bu bəhanələrinin qarşısını almaq üçün hansı işlər görülməlidir?

- Bu yaxınlarda tələbələr üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Qaynar xətt” yaradılıb. Hər hansı bir hüququ pozulan tələbə həmin “Qaynar xətt”ə müraciət edə bilər. Bundan əlavə, korrupsiya qarşı mübarizə komissiyasının, prokurorluq, Təhsil Nazirliyi yanında da “Qaynar xətt” yaradılıb. Hər hansı bir hüququ pozulan tələbə o “Qaynar xəttə” müraciət edə bilər. Bizim də məqsədimiz hüququ pozulmuş hər bir tələbəmizi müdafiə etməkdir. Hər hansı bir tələbə neqativ halla qarşılaşarsa, məndə bir millət vəkili kimi onların hüquqları bərqərar olana qədər mübarizə aparmağa hazıram. Amma təəssüflər olsun ki, bəzən gənclər konkret qurumlara müraciət etmir, bu məsələlərdə bəzən bəhanə tutaraq müxtəlif işlər həyata keçirirlər. Kim deyir ki, bu gün ölkədə problem yoxdur? Bu gün korrupsiya, rüşvətxorluq olmasaydı, hökumət özü buna qarşı mübarizə kampaniyasına başlamazdı. Deməli belə bir şey var ki, dövlət də buna qarşı mübarizə aparır. Cəmiyyət də bu məsələdə eyni həssaslığı göstərməkdədiir. Bu mübarizədə konstruktiv, məsələlərin həllinə gətirəcək şəkildə öz sözünü deməyi bacarmalıdır. Hər bir problemin qaldırılması o problemin həllini yaxşılaşdırmalıdır, ondan uzaqlaşdırmamaldıır. Bu məsələlər xüsusilə tələbələrin biraz şüurlu olmasını tələb edir. Heç kim Azərbaycan tələbəsinin enerjisindən, potensialından sui-istifadə etməməli və onlardan siyasi məqsədləri naminə faydalanmamalıdır.


- Sabah bildiyiniz kimi, gənclər növbəti aksiyalar keçirmək niyyətindədirlər. Sizin belə gənclərə nə kimi məsləhət və tövsiyələriniz var?

- Bu gün Azərbaycan Qarabağ münaqişəsi bütün dünyanın danışıqlar masasında müzakirə olunan əsas məsələdir. Biz müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan Qarabağ məsələsini əsas məsələ kimi, o cümlədən 1 milyon hüququ pozulmuş qaçqının hüquqlarının bərpa edilməsini tələb edirik. Beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edirik. Bəzi xarici ölkələr, beynəlxalq təşkilatlar istəyirlər ki, Azərbaycanı əsas hədəfdən yayındırsınlar və bu məsələləri ikinci plana keçirəcək provokativ aksiyaların Azərbaycanda keçirilməsinə maraq göstərsinlər. Ona görə də biz Azərbaycan cəmiyyətini milli birliyə səsləyirik. Siyasi fikrindən asılı olmayaraq hesab edirik ki, Qarabağ münaqişəsi və onun həlli hamımızın davasıdır. Ona görə də biz gəncləri ortaq, bizi birləşdirən ideyalar ətrafında birləşməyə çağırırıq. Bizi ayıran ideyalar ətrafında bölünməyə, tam əksinə olaraq milli davamız naminə birləşməyə çağırırıq. Hesab ediirk ki, bizim həssas məsələlərimizə hər kəs eyni həmrəyliyi göstərməyi bacarmalıdır. Çünki Qarabağ, Azərbaycan torpaqları tək hökumətə məxsus deyil. Bu millətin, hər bir cəmiyyətin, vətəndaşın həssas olmalı olduğu, hər bir cəmiyyətin vətəndaşının fəallıq göstərməli olduğu məsələdir. Fəallıq göstərmək istəyirlərsə, buyurub Qarabağ münaqişənin ətrafında bu fəallığı göstərsinlər. Azərbaycanda təhsilinin inkişafı naminə, şəffaf cəmiyyət yaratmaq üstündə birləşsinlər. Bir yandan insanları qanunlara hörmət etməyə çağırırıq, digər yandan isə bəzi adamlar qanunsuz tədbirlərə əl atırlar. Qanunun ali olduğu, bərabər imkanların yarandığı, məhkəmə hakimiyyətinin üstün olduğu cəmiyyət yaratmaq istəyiriksə, bu qanunlara hörmətdən başlayır. Buna da hər kəs eyni cür nail olmalıdır.

OXŞAR XƏBƏRLƏR