"İrəli" İctimai Birliyinin həmtəsisçisi, Milli Məclisin deputatı Ceyhun Osmanlı isə bizimlə söhbətində qurumun 8 illik fəaliyyəti dövründə qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən söz açıb.AZXEBER.COM xəbər verir ki, millət vəkili bu haqda "Azərbaycan" qəzetinə açıqlamasında deyib: "İrəli" həm 8 il öncə, həm də bu gün Azərbaycan gənclərinin arzularına və tələblərinə cavab verən bir təşkilatdır. Etiraf edim ki, Azərbaycan gənci 8 il öncəki gənc deyil. Çünki ölkəmiz dəyişir, dünya dəyişir, standartlar dəyişir və gənclərin müasir baxışları da dəyişir. Hər bir təşkilata qismət olmur ki, həm 8 il öncə, həm də bu gün gənclərin arzu və tələblərinə cavab vermiş olsun. Bu isə ondan irəli gəlir ki, "İrəli" hər zaman islahatlar aparan və öz üzərində çalışan bir təşkilat olub".
Ceyhun Osmanlı deyib ki, müasir qloballaşan dünyada gənclərin dəyişən dünyagörüşləri yeni standartlar tələb edir. "İrəli"də də daim yeni standartlar mövcud olub. Ona görə də gənclər "İrəli"nin fəaliyyətini kənardan hiss etmir, bu təşkilatın fəaliyyətinin tərkib hissəsinə, hərəkətverici qüvvəsinə çevrilirlər. Həmsöhbətimizin sözlərinə görə, "İrəli" bu gün Azərbaycan gəncliyi ilə Prezident İlham Əliyevin irəli sürdüyü müasir və güclü Azərbaycan siyasətinin sinerjisidir. "İrəli" hər zaman Azərbaycan gəncliyi ilə dövlətimiz arasında bir körpüdür. Daim yeni-yeni layihələr həyata keçirən bu təşkilat gənclərin uğurlu gələcəyə olan inamını daha da artırır və onlara müsbət impuls verir. "İrəli" hər zaman bir pozitiv enerjidir. Bu təşkilat hesab edir ki, həm bu gün, həm də gələcək günlərdə Azərbaycan naminə görülməli hələ çox iş var. Bu səbəbdən də gənclər bu işlərdə flaqman olmalıdırlar. "İrəli" 6 nəfərlə fəaliyyətə başlayan, bu gün isə sıralarında 36 min ali təhsilli gənci birləşdirən Azərbaycanın ən böyük müstəqil gənclər təşkilatıdır.
Milli Məclisin deputatı və adıçəkilən qurumun həmtəsisçisi 5 yaşını qeyd edən təşkilata arzularını da səsləndirib: "Arzum budur ki, "İrəli" hər zaman inanılan, hörmət və etimad göstərilən bir təşkilat olaraq qalsın. Hər zaman reallıqları duyan bir təşkilat olsun. Naxçıvandan Bakıya, Qazaxdan Şamaxıya, Lənkərandan Qusara qədər Azərbaycanın hər bir yanında sevilən, qucağını hər bir gəncinə açan təşkilat olaraq qalsın. "İrəli" hər zaman anlayır ki, Dərbənddən Təbrizə qədər, Vaşinqtondan İstanbula, Pekindən Londona qədər böyük bir coğrafiyada Azərbaycan gəncliyi hər zaman onunla maraqlanır, onu təbliğ edir. Məhz buna görə də "İrəli" ona uyğun məsuliyyətli, intellektual siyasət ortaya qoymalıdır".
Ceyhun Osmanlı onu da vurğuladı ki, "İrəli" heç bir vaxt müasirliyi müşahidə edən təşkilat olmayıb. Qurum hər zaman müasirliyin özü olduğu üçün daim öndə gedib. Ona görə də "İrəli" hələ uzun müddət dövlətini, Vətənini, millətini sevən gənclərin güvənc yeri olacaq: "İrəli" azərbaycançılıq ideyasına inananların təşkilatıdır. "İrəli" qanı ilə, canı ilə Azərbaycan olanların təşkilatıdır. "İrəli" heç zaman tükənməyəcək bir ideyadır, heç zaman bitməyəcək bir həyat tərzidir".