Ceyhun Osmanlı: 'Qarabağ azad olandan sonra ermənilərlə birgə yaşamalıyıq' - DEBATDAN VİDEO

Ceyhun Osmanlı:
18:15 28.01.2013
1370

Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.

Belə olan halda, münaqişə həll edildikdən sonra onların kliplərinə, filmlərinin nümayişinə efir vaxtı verə bilərik.Gün.Az xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Osmanlı REAL Hərəkatının sədri İlqar Məmmədovla birgə iştirak etdiyi ANS-in “Açıq söhbət” verilişində deyib.Millət vəkili əlavə edib ki, klip və filmlərin nümayişini onlar arzu etməlidirlər.“Bunun arzu etdikləri təqdirdə, dəfələrlə rəsmi şəkildə bəyan olunub ki, onlar Azərbaycan vətəndaşı kimi öz hüquqlarından istifadə edə bilərlər.Azərbaycan qanunvericiliyi çərçivəsində problem yoxdur. Amma bilirsiniz ki, dövlətlər səviyyəsində diplomatik münasibətlər mövcud deyil. Bunun da səbəbi var. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bunun üçün dövlətlər səviyyəsində münasibətlərin yumuşalan istiqamətdə getməsi, diplomatik münasibətlərin yaradılması lazım gəlir”.O bildirib ki, xalqlar arasında bu, başqa məsələlərdir.“Ermənistan vətəndaşı olan ermənilər var, üçüncü ölkənin vətəndaşı olan ermənilər və Azərbaycan vətəndaşı olan ermənilər var.Əlbəttə ki, hər üç şərtdə onların özlərini hansı ölkənin vətəndaşı hiss edib, Azərbaycan qanunlarından bəhrələnmələri bir-birindən ayrılmalıdır. Mən Azərbaycanın haqlı mövqeyini dəstələyən bir erməniyə simpatiya ilə yanaşmağa hazıram”.REAL hərəkatının sədri İlqar Məmmədov isə deyib ki, istedadlı mədəniyyət məhsuludursa, yaxşı əsərdirsə, hansı millətin məhsulu olmasına baxmayaraq, onu məmnuniyyətlə dinləyirsən, baxırsan.“Burada artıq milliyyətinə baxmırsan. Mədəniyyət, sənət elə sahələrdir ki, orda sənət əsərinin keyfiyyətinə baxmalısan, onu yaradanın milliyyətinə yox.Lakin indi heç bir təcili zəruriyyət yoxdur ki, Azərbaycan kanallarında erməni kliplərini verək. Sülh varmı? Ermənistanla artıq barışdıqmı? İşğal aradan götürülübmü? Olmaz.Başqa şəraitdə bəlkə mümkün olardı. Heç bir təcili zərurət yoxdur ki, erməni kliplərini göstərək. Hansı mesaji verəcəyik? Bütün məsələlər çözüldü ki, mədəni mübadiləyə keçirildi. Danışıqlar prosesində ciddi tərəqqi olsaydı, bu, mümkün idi”.Millət vəkili olaraq, erməni köməkçi götürməklə bağlı sualı cavablandıran C.Osmanlı deyib:“Arzu edərdim ki, nə vaxtsa Xankəndindən deputat seçilim. Orda ermənilərin çoxluq təşkil etdiyi kəndlərdən seçilsə, köməkçilərimdən birinin Azərbaycan vətəndaşı erməninin olması məntiqli olardı”.İ.Məmmədov Ermənistanla Azərbaycan arasında münaqişənin sırf siyasi-hərbi münaqişə olduğunu deyib.“Bunun arxasında Azərbaycan vətəndaşlarının ermənilərə kütləvi nifrəti dayanmayıb. Bunu hər kəs bilməlidir. Əgər bu münaqişə dinc yolla həll olunmayacaqsa və bizim əsgərlər Xankəndini azad edəcəklərsə, onun tərəfdarıyam ki, əsgərlərimiz dinc, əliyalın əhaliyə qarşı özlərini təmkinli aparsınlar. Onların hamısı dinc vətəndaşlardır, nə olsun ki, ermənidirlər. Onları orda qurulan rejimdən, işğaldan qurtarmaq lazımdır, nəinki divan tutmaq”.Verilişdə Azərbaycanda ermənifobiyanın olması ilə bağlı Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı və millət vəkili Zahid Orucun da fikirləri səsləndirilib.A.Nağı Azərbaycanda ermənilərə qarşı mənfi münasibətin Azərbaycan torpaqlarının işğalı ilə bağlı olduğunu deyib.“Ermənilərə olan mənfi münasibət terrorçulara, uşaq qatillərinə, işğalçılara olan nifrətdir, dünya bunu belə qarşılamalıdır”.Z.Oruc isə deyib ki, ermənilər həmişə, sovet dövründə və sonrakı illərdə Azərbaycanla düşmənçiliyi özü aparıb, amma o illərdə də Azərbaycan cəmiyyətinə inteqrasiya oluna biliblər.“İstər ailə qurulmasında, istər ictimai siyasi həyatda, o cümlədən dövlət idarəçiliyində onlara geniş yer verilib. Ermənifobiya olan məmləkətlərdə ermənilər belə böyük məqama nail ola bilməzdilər.Bu gün Azərbaycanda 30 min erməninin yaşaması faktı onu göstərir ki, biz dözümsüzlük prinsipi ilə yaşasaydıq bele olmazdı”.İ.Məmmədov hər iki çıxışın qeyri-səmimi olduğunu deyib.“Onlar çox vaxt Azərbaycanın beynəlxalq mövqeyinə, tanıtımına ziyan vurmuş çıxışlar ediblər. Hesab edirəm ki, bu çıxışların əsas keyfiyyəti onların düz və yanlış olması deyil, qeyri- səmimiliyidir”.Dağlıq Qarabağ probleminin həllindən sonra ermənilər orda yaşamalarına toxunan İ.Məmmədov bildirib ki, biz ermənilərlə əsrlər boyu, bəlkə də minilliklər boyu çox gözəl yaşamışıq və bundan sonra da yaşayacağıq.“Münaqişə dinc, danışıqlar, təxribatsız yolla həll olunacaqsa, mən onun tərəfdarıyam ki, Qarabağda ermənilər də digər millətlər də yaşasın. Müxtəliflik Azərbaycanın zənginliyidir.Ermənilərin Azərbaycan vətəndaşı olaraq bizim ümumi mədəniyyətimizə töhfəsi böyükdür. Azərbaycan ermənilərin, avarların, yəhudilərin ləzgilərin rusların, talışların burda yaşamasından ancaq qazanır. Ermənilər bizim əbədi düşmənimiz deyil, biz onlarla nə zamansa bir yerdə yaşayacağıq və bu ərazinin vahid mədəniyyətini daha də zənginləşdirəcəyik”.C.Osmanlı isə deyib ki, Qarabağ azad olandan sonra ermənilərlə birgə yaşamalıyıq və Qarabağ erməniləri də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində konstitusion hüquqlarından bəhrələnəcəklər.

OXŞAR XƏBƏRLƏR