NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanacağına ümid edir. Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bunu cümə günü Yerevanda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
Onun sözlərinə görə, NATO Dağlıq Qarabağ məsələsində heç bir rol oynamır, lakin ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə işini dəstəkləyir.
C.Appaturay bildirib ki, NATO Ermənistan və Azərbaycanla tərəfdaşlıq münasibətləri saxlayır: "İki ölkədə keçirdiyimiz görüşlər zamanı münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd edirik. Biz burada və orada münaqişənin hərbi yolla həllinin olmaması barədə ismarıclar göndəririk. Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll edilə bilər".
O, həmçinin əlavə edib ki, münaqişənin nizamlanması regionun bütün ölkələrinə siyasi və iqtisadi mənfəət verəcək: "Məlum olduğu kimi, yaxın gələcəkdə Minsk prosesi çərçivəsində Ermənistan və Azərbaycan prezidentləri arasında görüş keçirilməsi planlaşdırılır. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin yardımı ilə münaqişənin tezliklə nizamlanacağına ümid edirik".