ChatGPT-nin məsləhəti ilə müalicəni gecikdirdirən kişi OpenAI-ni məhkəməyə verib.
AZXEBER.COM xəbər verir ki, ABŞ-da bir kişi süni intellekt çatbotu ChatGPT-ni onu tibbi yardım almaqdan çəkindirməkdə ittiham edərək OpenAI şirkətinə qarşı məhkəməyə müraciət edib.
"The New York Times”ın məlumatına görə, Florida ştatında yaşayan rahib Skott Vinters OpenAI və şirkətin baş icraçı direktoru (CEO) Sem Altmanla bağlı Kaliforniya məhkəməsinə iddia qaldırıb.
Məhkəməyə təqdim olunan ərizədə şirkət və Altman ChatGPT-nin Vintersə verdiyi tibbi məsləhətlərə görə "icazəsiz həkimlik fəaliyyəti” və səhlənkarlıqda ittiham olunub.
İddia ərizəsində bildirilir ki, Vinters 2024-cü ildə səhhəti ilə bağlı sualları ChatGPT-yə ünvanlayıb. İlkin mərhələdə çatbot onu tibbi yardım almağa yönləndirsə də, sonradan bu xəbərdarlıqların aradan qalxdığı və birbaşa tibbi məsləhətlər verilməyə başlandığı iddia edilir.
Məhkəmə sənədlərinə əsasən, ChatGPT Vintersi getdikcə pisləşən səhhətinin təhlükəli vəziyyətin əlaməti olmadığına inandırıb və onun real tibbi yardım almasını gecikdirib.
İddiada qeyd olunur ki, ChatGPT tərəfindən "əhəmiyyətsizləşdirildiyi” bildirilən ağrılardan sonra Vinters ağciyər emboliyası səbəbilə reanimasiya şöbəsinə yerləşdirilib.
Vintersin vəkilləri həyati təhlükəli vəziyyətə qədər müalicənin gecikməsində ChatGPT-nin təhlükəsizlik mexanizmlərinin kifayət qədər effektiv işləmədiyini iddia ediblər.
OpenAI şirkətinin nümayəndəsi isə açıqlamasında bildirib ki, ChatGPT-dən xəstəliklərin diaqnozu və müalicəsi üçün istifadə edilməməli olduğu istifadə şərtlərində açıq şəkildə qeyd olunur. Bununla belə, şirkət sağlamlıqla bağlı suallara verilən cavabları mümkün qədər təhlükəsiz etməyə çalışdığını vurğulayıb.
Gülay











































